abdullamuellim

SÖYLƏMƏ NAĞIL MƏNƏ!

Baxışlarım buludlanıb,
Gözümün qanı qaralıb.
Dərd üstümə qanadlanıb,
Sözümün canı qaralıb.

Yazımda selə dönməyən
Gözləmə-gələ dünənin.
Payızda gülə dönməyən,
Gözündən ələ dünəni.

Gəl,söyləmə nağıl mənə,
Tərifləmə yağını,yar.
Yağı verməz ağıl mənə,
Dost çıxarsa ağını,yar.

Yumruq boyda bir ürəkdə,
İki sevgi necə sığar?..
Nərgiz qoxulu çiçək də
Həsrətinə gecə sıxar.

Göz yaşı-payız yağışı
Muncuqlar yar yanağında.
Yol çəkər qəlbin baxışı
Öpüb susqun dodağından.

Qüssəyəm başdan ayağa,
Gözüm tək bəxtim qaralıb.
Yar verib məni ayağa,
Güvən dağımı qar alıb.

Hər çiçəkdə şeh ağlayar,
Ləçək-ləçək gülər dərdim.
Qapını gecə bağla,yar,
Birdən qonaq gələr dərdim…

Azərbaycan.Quba.

17.01.2017.

KÜLÜMDƏ KÖZƏRƏN GİLEYƏM,GÜLÜM.

Bir cüt göz gəzirəm məni ağlaya,
Yağan göz yağışı qəmi dağlaya.
Ürək arayıram məni bağlaya,
Qəribə eşqimin qərib selinə.

Sevilə bilmədim sevdiyim qədər,
Sevinə bilməyən sevgimmi hədər?!
Sevdim,sevdiyimə sevindi qədər
Daş atıb ömrümün sükut gölünə.

Dil açır sözümə dönən o çağım,
Qürbəti andırır dinən o çağım.
Kimi isitdisə dünən ocağım,
Bu gün ağız büzür nəmli külünə.

Qınama dünyanı-dünya qəbirdə,
Xəncəri korşalan qınam səbirdə.
Gülmə içimdəki göyərən dərdə,
Ağla qəribsəyən tənha gülünə.

Bu sevda ot deyil göyərə bir də,
Od deyil alışa bu qərib dərdə.
Başıma iş açma durduğum yerdə,
Calayıb yalanı qəlib dilinə.

Gözə kül üfürüb sovurma külü,
Külümdə közərən gileyəm,gülüm.
Sözümü izləyən güləyən,gülüm.
Çətin ki o çağlar düşə əlinə!

22.04.2016.
Azərbaycan.Quba.