Əlişad QARAQASIMLI.”İKİNCİ ANAM”

* * *

SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.

Gərək ürəyimi hər kəsə açam,-
Bir ülvi məxluqdan öyüd alıram.
Otuzu adlayıb
Ötsə də yaşım,
Hər dəfə yanında uşaq oluram.

Sənli günlərimi duman-çən almaz,
Ömrümün çiçəyi solmaz önündə.
Məndən küçələrdə
Dəcəli olmaz,
Məndən həlimi də olmaz önündə.

Min nöqsan görsən də, hər bir işimdə,
Çəkib qulağımı
Burmamısan heç.
Vaxt olub dərsinə gecikmişəm də
Qayıdıb üzümə
Vurmamısan heç…

Açıb qucağını Ana Vətən də.
Qəlbim də qırılmaz inamdı mənim.
Mənə ikinci bir
Dil öyrədən də,
Deməli,
İkinci Anamdı mənim.

Gərək hər ağırıya-acıya dözəm.
Böyükdür insanın
Səbri, deyirəm.
Bir rus qadınına
Anamdı, desəm,
Çatlamaz Anamın qəbri, deyirəm!..