GENOSİDDƏN

Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab

Dəm vur, Karapet, sən yenə saxta genosiddən,
Adətdi, salar hay-həşir axta, genosiddən.

Əsla bu kötü vərdişini sən yerə qoyma,
Bir gör nə qədər yal düşür baxta genosiddən.

Əyləşmədiyin qaldımı bir kimsə qucağı? –
Gördüm ki, olub qan gölü latxa genosiddən.

Andın keçi andı, uzağı qırx günə bağlı,
Səbrinmi çatar bir belə vaxta genosiddən?!

Ömrün ki sənin yaz nədi, bahar nədi bilməz,
Çünki büyürüb ruhunu şaxta genosiddən.

Dad eylər əlindən o «böyük qardaşın» artıq,
Onçün keçirib ağzına noxta genosiddən.

Salma özünü bir belə zülmə, abır eylə,
Bir dər nəfəsin, bir otur, toxta genosiddən.

Getdi qürurun da, o şərəfsiz şərəfin də,
Mənliklə vüqar, var ilə yox da genosiddən.

Tərif dedi Oday da sənin «şən»inə bunca,
Qaldırdı səni gör necə «taxt»a genosiddən.

DƏYİŞMƏZ

Haqqa yol alan səmtini hər yanə dəyişməz,
Eylər özünü şamına pərvanə, dəyişməz.

Dinclik nədi bilməz vətəni darda olanlar,
Cumar kişitək meydana mərdanə, dəyişməz.

Ərlər – nə sınar, nə əyilər düşmən önündə,
Bağrın başını eyləyələr şanə, dəyişməz.

Günəş nurudur dövr eləyən damarımızda,
Oddan törəyən qanını hər qanə dəyişməz.

Bu çərxi-fələk tərsinə dövran eləməkdə,
Yoxsa arada bir belə fərq, anə dəyişməz.

Azmı dəyişən xislətini min kərə gündə,
Fəxr eylə, Oday, əsla ki, Fərqanə dəyişməz!