Abdulla Şaiq adına Dövlət Kukla Teatrı mövsümə iyulun 15-də yekun vuracaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı “Min bir gecə nağılları” əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa ilə mövsümü bağlayacaq.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqisi Fikrət Əmirovun “Min bir gecə” baletindən bəhrələnərək hazırlanıb. Tamaşada teatrın aktyorları Rəhim Rəhimov, Cavid Telman, Cəmilə Allahverdiyeva, Samirə Nəcəfli və başqaları rol alıb.

Həmin gün teatr rəhbərliyinin hesabat xarakterli çıxışı nəzərdə tutulub. Eyni zamanda, mövsümün son görüşündə Kukla Teatrının əməkdaşları mükafatlandırılacaq. İlin ən yaxşı aktyoru, aktrisası, rejissoru, texniki işçisi fəxri fərmanla təltif olunacaq. Həmçinin teatrın uğurlarını mediada geniş işıqlandıran KİV təmsilçilərinin də mükafatlandırılması nəzərdə tutulur.

Mənbə: https://azertag.az