14 avqust 2018-ci il tarixində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatında tanınmış şair Əşrəf Veysəllinin 80 illik yubileyi və Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilməsi münasibətilə rəsmi qəbul və bir qrup tanınmış şair və jurnalistlərin diplomlarla təltif olunması mərasimi keçirilmışdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday açaraq, tədbirin məqsəd və qayəsindən danışmışdır. Natiq çıxışında görkəmli şair Əşrəf Veysəllinin ömür və yaradıcılıq yolundan söhbət açmış və yubilyara Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvülük vəsiqəsini, “Müqəddəs qələm” diplomunu və qiymətli hədiyyəni təqdim etmişdir.
Sonra veteran jurnalistlər, jurnalistika sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Zümrüd Baloğlanovaya, Əməkdar jurnalist Rəhman Orxana və “Sumqayıt” qəzetinin şöbə müdiri Sübhan Quliyevə fəxri diplomlar təqdim olunmuşdur.
Tədbirdə həmçinin yaradıcı insanlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına “Poeziya evi”nin direktoru İbrahim İlyaslı və Azərbaycan Yazıçılar Birliyi Qubadlı regional bölməsinin sədri Namiq Məna xüsusi diplomlarla təltif olunmuşlar.
Tədbirdə eyni zamanda oxucuları dolğun, maraqlı və operativ informasiya ilə təmin etdiklərinə görə “Manevr.az” və “Sumqayitfakt.az” saytlarının təsisçisi, şair-jurnalist Namiq Dəlidağlı, eyni zamanda, bu il 6 yaşı tamam olan və informasiya məkanında özünəməxsus yer tutan “Xeberle.com” saytının həmtəsisçiləri Ramil Zeynallı, Kamal Almuradlı və Elnur Ağayev “Müqəddəs qələm” diploma ilə təltif olunmuşlar.
Tədbirdə həmçinin şair Asif Asimana, jurnalistlər İlhamə Məhəmmədqızına, Aygün Hacıyevaya və Mərcan Sabirqızına “Müqəddəs qələm” diplomları təqdim olunmuşdur.
Tədbirin sonunda uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən Natiq İsmayıloğluna Azərbaycan Jurnalistlər Birliyinin üzvülük vəsiqəsi təqdim olunmuşdur.
Sonda qələm sahibləri çay süfrəsi arxasında səmimi söhbət etmiş və tədbirlə bağlı təəssüratlarını bölüşmüşlər.

Azərbayanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti