Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı “Jara v Baku” olan filmin çəkilişləri davam edir. Filmin əsas qəhrəmanları moskvalı qız Darya və bakılı oğlan Muraddır. Filmdə, həmçinin iyulun 26-dan 29-dək Bakıda keçirilmiş “JARA-2018” beynəlxalq musiqi festivalında iştirak etmiş Rusiya estradasının ən parlaq ulduzları da çəkiliblər. Kinolayihənin prodüseri Teymur Cəfərovdur.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən mətbuat konfransında filmin prodüseri T.Cəfərov çəkiliş prosesi, məqsədlər və layihə komandasının üzləşdiyi problemlər barədə danışıb: “Filmdə hər şey ulduzların “Jara”ya gəldiyi təyyarədə başlayır. Elə həmin təyyarədə “Qolos” layihəsinin qalibi olan qəhrəmanımız Daşa da uçur. Ardından filmin hər bir qəhrəmanının arzusunun həyata keçməsinə gətirib çıxaran müxtəlif süjet xətləri başlayır. Filmin personajlarından biri də elə şəhərin özüdür. Bakını əcnəbi tamaşaçıya mükəmməl şəhər kimi təqdim etmək istəyirik”.

Filmdə əsas rollardan birini “JARA” festivalında səhnəyə çıxmaq xoşbəxtliyi yaşamış qəhrəman obrazını canlandıran aktrisa Diana Pojarskaya oynayacaq. Murad rolunda isə aktyor Nail Abraxmanov çəkilib.

Qeyd edək ki, filmin Azərbaycandakı distribüter şirkəti “Cinema Distribution”dur və o, “Cinemaplus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Mənbə: https://azertag.az