YAZIĞIM GƏLİR

Bir dərdinə, yüz dərdinə,
Vermə belə üz dərdinə.
Adam dura öz dərdinə
Oynaya – yazığım gəlir.

Danda, qürubda baxdığım,
Nədən? – sorub da, baxdığım,
Hərdən durub da, baxdığım
Aynaya yazığım gəlir.

Söz kar etməz utanmaza,
Yaşarmı haqqı danmasa?
Nola, qanım bu qanmaza
Qaynaya – yazığım gəlir.

OLUNCA

Ömür-gün vədədən keçir,
Qorxudan, hədədən keçir.
Bütün güc mədədən keçir, –
Dişin tamahı olunca.

Bağ-bağçam xəzəl görünür,
Xəzəl nə gozəl görünür.
Dağ olmaq əfzəl görünür,
Yetimin ahı olunca.

Dağ ol, duman-sisin olum,
Yaxşın olum, pisin olum.
Yurdun dilənçisi olum,
Qürbətin şahı olunca.