Musiqili Teatr sentyabr repertuarını açıqlayıb

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova AZƏRTAC-a bildirib ki, tamaşa Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Bu ölməz əsərdə əsas rolları Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Bundan başqa, sənət ocağının səhnəsində sentyabrın 22-də “Arşın mal alan”, 23-də “Nuri-didə Ceyhun” tamaşaları nümayiş ediləcək.

Teatrın yaradıcı kollektivi sentyabrın 28-də “Ər və arvad”, 29-da “Mən dəyərəm min cavana”, 30-da isə “Bankir adaxlı” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Mənbə: https://azertag.az