Nemət TAHİR.Yeni şeirlər

YAZ YAĞIŞI

Bir yaz səhərində görüşdük yenə
Köçdü ürəyimdən həsrətin qışı
Gözlərin ruhumu aldı əlimdən
Unuda bilmirəm odlu baxışı

Sevinib göz yaşı tökdü buludlar
Düzdü saçlarına bahar naxışı
Əl-ələ,göz-gözə islandıq birgə
Şahid oldu bizə bir yaz yağışı

YORĞUN XƏYALLAR

Sənsizlik bir səhra tükənməz –bitməz
Ümidim olubdur yollar yorğunu
Gözlərin dənizdir,kipriklər dalğa
Mənsə seyrə dalan dəniz vurğunu

Yenə sual dolu baxışla baxdım
Utanıb gizlətdi sözlər doğrunu
Ancaq həqiqətdir,əminəm ki,mən
Hər zaman söyləyir gözlər doğrunu

Röyana gələcəm hər kəsdən xəlvət
Şirin edəcəyəm sənin yuxunu
Deyirsən qorxuram mən qaranlıqdan
Bu gecə qovacam sənin qorxunu