Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.

Öz canımı oxuyuram

İçib haqqın şərabını,
bir daha oyanamasam,
oyanıb ruhumu sadiq,
özümü sağ bulamasam…

Ömrüm arı dodağında
ətri qalmış qar çiçəyi.
Evimizin qabağında,
tək ağacın budağıdı
son mənzilimin dirəyi.

Yaralı yerimə baxıb,
sağ yerimi qanadıram.
Tale kitabın qapayıb,
öz canımı oxuyuram.

Bağlı yolum da açıldı,
gedəsi halım qalmadı.
Uçmağın anı yetişdi,
amma qanadım çıxmadı.

Mən gedərəm,
dərdim qalar,
çəkərsənsə,
halal olsun.
Baş daşım yox,
başım üstə
bitərsənsə,
halal olsun.

Həyat görəvi

Tanrı yetirər,
deyib
bayramları borca keçirənlərin
tək arzusudu ruzi-bərəkət,
arzuların çin olmadığını bilə-bilə…
hər dəfə ümid vermək
abırsız bir adətdi.

Möhtaclar çox,
ümidlər xəsis…
Dost-aşnaya quş iliyi,
can dərmanı içirtmək,
acları bayram tətilləriylə sevindirmək,
oğul-uşağa haram yedirtmək gərəkmiş.

Mübarək bayramların acığına
son tikəsini özünə qıymayan insanın
ağzından əkməyi,
dilindən sözləri oğurlamaq,
kutsal kitabların xoflu kəlamlarıyla
qurbanını ovsunlamaqdı
insandakı şeytan əxlaqı.

Hətta insanın
qalan saatını sayıb,
nəbzini dinşəmək,
aldığı nəfəsə darılmaq
kiminsə həyatda qalmaq nədəni.

Adi günləri bayram kimi özləyənlər,
Vətən eşqinə canından keçənlər,
Vətən eşqinə torpağı
altına-üstünə çevirənlər,
keçmişin gözünün içinə
tüpürənlər olmasaydı…

Tanrının qoca vaxtında
insanlıq üzərinə,
tale-qismətin qanına yerikləyib,
alın yazısını
dəyişmək eşqinə düşənlər var.
Ölüm-dirim fərmanında
Tanrıya ortaq bir iddiada bulunmaq
və əkməyini göz yaşı isladanların
bayramını kutlamaq
zalımın görəvi olmasaydı…

İsmarış

Dost düşməni,
işıq qaranlığı tanımır,
ocaq öz tüstüsündə boğulur.
Qara taleli torpağın
uğrunda şəhid olanla,
onu məzarlığa çevirənin
fərqində olmadığı
bir günün ortamındayam.

Bezmədən yaşayıb,
hamı kimi öldüyündə
səni bir mumiya kimi
ürəyimdə saxlamağa çalışdım.
Heç ağlıma gəlməz
nə üçün və hardan gəlmişəm,
harda və kimin qulluğunda
usanmadan dayanmışam.

Bilmədən
sabah kiminçün açılır,
ocağı kim söndürüb gedib
və sən ürəyimdə nə yapırsan,
orda həyat varmı yenə…
Bir əlüstü xəbər göndər
özündən öncə,
ya mən vədəsiz ölüm,
ya gözləyim bezincə…

Qocalmış ruhuma rastlasan

Bu gün çox halsızam,
gücsüz və cansızam.
Əcəl qənşərində xar olub,
insanın acığına
ömrün dalanında meydan sulayan
bir qarğış yaralayıb canımı.

Günlərin birində
qocalmış ruhuma rastlasan,
bir tapdanmış yovşanlıqda
tanınmaz ölüsünə,
ya özündən razı dirisinə
bir xəbər çatdır:
gəlib məni bulmasa,
köçdən ayrı düşdüyüm yerdə
gözlərinə inanmasın.
Ölümün xətrinə dəyməsin,
o son həyanımız,
son halal haqqımızdı…

Ruhum kimliyini bulmasa,
gördüyü yoxluğa inanmasa,
həyatını sıxmasın,
qəza-qədərin nəzərini ovmasın.
Gözlərində hələ acılara dözmək
və bir canın yarımçıq nəfsində
son titrəyişə şahid olmaq şansı var…

Məni məzarımda görməsə
ruhum özünü danlamasın,
fələyi acılamasın…
O fələk dar macalda,
son adımmda yanımdadı,
Tanrıyla çarpışan təlaşımda,
əzizimdi torpağımın başı üstə.

Bir köprübaşıyam

Sabah açılan kimi
quşlar uçub uzaqlaşdı.
Ömür bitdiyi anda
dostlar bir-bir bezib getdi,
yadımda qalanlar kirayənişin.

Küləkdə,
çovğunda,
qızmarda,
canı bərkimiş,
həyatın içində gözükölgəli
bir köprübaşıyam.
Karvanlar çəkib getdi,
isti yuvalar dağıldı
yarımçıq yuxular tək.
Qış qapıya dayanmamış
qalın qar yağdı
nakam arzuların üstünə…

Görəsən sağ çıxmasaq
bu yaşam qovğasından
bir daha sabah açılacaqmı,
görəsən yenə də
gözlərimiz sevinəcəkmi
bir-birimizin dirisindən vazkeçib
ölüsünü bulunca…

Şükr etməkdən bezmiş kimi…

Heç nə düşünmədən,
vaz keçmədiyim bir aqibətin
qəfil fərmanını bilmədən
hər gecə gəlişini gözlədim.

Hələ sabahın açılmağına
bir az zaman var,
hələ heç də sabahın günəşli,
tutqun, buludlu olaçağını bilmədən
gəlişini çarə tək gözlədim.

İllər öncə
ruhumun yuxuda nə görüb də,
bir səbəb olmadan
həyatdan usandığımın şahidiyəm…
Sabah açılar-açılmaz
yürüdüm öz qismətimə sarılmaq üçün.
Sabahlar monoton vərdişlə
yuxudan oyadıram özümü,
yaşamaqdan yorulmuş kimi.

Ölümün adından usanmış,
şükr etməkdən bezmiş,
nə üçün yazdığını bilməyən qələmi
özündən tez qoçalmış divanəyəm.

Heç fərqinə varmadan
kim və nə üçünsə qəribsədim,
doluxsunmuş səbirlə
gecələri bir ilac tək özlədim…

Ölümün təmənnasız mərhəməti
Tanrının rəhmi qədər.
Əcəlin hər gecə canımı almaq,
ya da yaşatmaq istəyinin
fərqinə varmadan,
özümü sahmana salıb
gəlişini əzabla gözlədim…