Mən ağlasam, düşmən gülər,
Qoymayın ağlayım məni!
Ulduzlar yerə tökülər,
Qoymayın ağlayım məni!

Mən ağlasam, daş ağlayar,
Göydə uçan quş ağlayar,
Yurdu dağılmış ağlayar,
Qoymayın ağlayım məni!

Mən ağlasam, ağlar elim,
El ağlasa, sınar belim,
Ərşə dayandı bu zülüm,
Qoymayın ağlayım məni!

Arxam yağı, önüm yağı,
Bölünməz mərdlər torpağı!
Ay ellər, döyüşqabağı,
Qoymayın ağlayım məni!

Biz nə qorxaq, nə naçarıq,
Bağlı qapılar açarıq,
Düşmən üstə od saçarıq,
Qoymayın ağlayım məni!

1988.