https://c.radikal.ru/c30/1906/1c/419123bca14d.jpg

Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq “Sumqayıtda ədəbi həyat” kitabı və onun nəşrə hazırlanması və çapı ilə bağlı ətraflı məlumat verib və Sumqayıtın 70 illik yubileyinə layiqli bir ərməğan olan kitabı araya-ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

Sonra söz tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlliyə verilib. Əşrəf Veysəlli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində gördüyü işlərdən və Sumqayıt ədəbi mühitindən ətraflı söz açıb.

Sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğundan və dünyada tanıdılması yönündə görülən geniş miqyası layihələrdən söz açıb, sumqayıtlı yazarla xüsusi rəğbətinin olduğunu dilə gətirib, müəllifi təbrik edib.
Təqdimatda çıxış edən yazarlardan Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Raqfiq Yusifoğlu, Namiq Məna, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid, məktəbli yazar Gülnaz Nağızadə çıxış edərək kitabın nəşrində əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

Kitabın nəşrinə dəstək olmuş “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Axundova çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb, kitabın nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti