İyulun 13-də Yasamal qəbiristanlığında Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şairin məzarı önünə əklil qoyub, qərənfillər düzüblər.

Anım mərasimində Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, vəfatından 18 il ötən M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəstxəti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Mirvarid xanımın yaradıcılığı olduqca rəngarəngdir. Şeirlərinin koloriti, ictimai-siyasi hadisələrdən baş çıxartmağı çox təəccüblüdür. Akademik qeyd edib ki, M.Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. O, nəinki böyüklər, eyni zamanda, uşaqlar üçün də şeirlər yazıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, şair Zaməddin Ziyadoğlu, Məhəbbət Dəmirçiyeva və başqaları çıxış edərək M.Dilbazinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar, onun şeirlərini oxuyublar.

Mənbə: http://www.azertag.az