Böyük türk xalqına məhəbbətdən qaynaqlanan qardaşlıq
Nəriman Nərimanovun Şərq ölkələri ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılmasında böyük xidmətləri olmuşdur.
Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılması N.Nərimanovun siyasi fəaliyyətində misilsiz hadisə – “sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamış”, demək olar ki, unudulmuşdur. Bu barədə türk tədqiqatçısı Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və Kurtuluş Savaşımız” mövzusunu ilk olaraq tədqiqata cəlb etməklə Türkiyə-Azərbaycan münasibətlərində “unudulmuş səhifələrin” – tarixi həqiqətin bərpa edilməsi Nərimanovun bir müdrik şəxsiyyət kimi Türk-Azərbaycan birliyinə sədaqətini nümayiş etdirir. Onun müdrik siyasi xadim kimi portretinin bərpasına kömək edir.
Hüseyn Adıgözəl tarixçi kimi toxunduğu mövzuda əsər yazmasının məqsədini şərh edərkən yazır: “Qurtuluş savaşımızın ən təhlükəli günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən gələn bütün yardımları yapan Sovetlər Birliyindən Türk Qurtuluş Savaşına böyük dəstək verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk olduğundan, Türk millətçisi olduğundan zərrə qədər şübhəmiz yoxdur. Onun Kommunist olması bizə yardım etməsinə əngəl olmadığı kimi, bizlər də onun kommunist olmasına baxmayaraq, onun Türkiyə türkləri və türk milləti üçün etdiklərini əsla unuda bilmərik. Tarix olduğu kimi, yazılmalıdır ki, Türk birliyinin təməli sağlam olsun! (“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Məlum olduğu kimi Nəriman Nərimanovun Türkiyəli türklərlə ilk tanışlığı 1909-1913-cü illərdə Həştərxanda olmuşdur. Sürgün illəri nəzarət altında olan N.Nərimanov burada gizli inqilabi fəaliyyətini leqal tədbirlərdə məharətlə davam etdirirdi. Onun “Şurayi-islam cəmiyyəti”ndə təşkil olunan tədbirlərində tatar, rus, qazax, qırğız və türk zabitləri də iştirak edirdilər.
Hüseyn Adıgözəl yazır:
“Birinci Dünya Müharibəsində əsir düşən və Həştərxana göndərilən türk zabitləri ilə (Nərimanov) orada qarşılaşmış və onlardan aldığı məlumatlarla Türkiyə və türklərin vəziyyətindən xəbər tutmuş, Qurtuluş Savaşı müddətində çətin durumda olan Türkiyə türklərinə əlindən gəldiyindən də daha artığını yaparaq, yardım etməyə çalışmışdır” (“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Birinci Dünya Müharibəsi hər yerdə olduğu kimi, Azərbaycanda da ictimai-siyasi və iqtisadi gərginlik yaratmışdı. Anadolu cəbhəsində türk hərbi qüvvələrinin uğursuzluğu nəticəsində minlərlə hərbi və mülki əsir Rusiya ərazisindəki düşərgələrə göndərilirdi.
Vladiqafqaz dəmiryolunda qapıları bağlı yük vaqonlarında həftələrlə ac, susuz vəziyyətdə Urala, Sibirə, eləcə də Səmərqənd, Krasnoyarsk, Tula, Həştərxan və Bakı şəhərlərinə göndərilən hərbi əsirlər arasında yüzlərcə insan dözə bilmir, dünyasını dəyişirdi. Əsirlərin məskunlaşdıqları həbsxanalardakı şərait isə daha dözülməz idi. Bakıya eşalonla gətirilən hərbi əsirlər gecələr dəniz limanından Nargin adasına ciddi rejimli əsir düşərgələrinə “Knyaz Borodanski” gəmisində daşınırdı. N.Nərimanovun rəhbərlik etdiyi “Hümmət” təşkilatı bundan xəbərdar idi. Lakin qadağan olunmuş zonada nələr baş verdiyini bilmirdilər.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən sonra onu narahat edən Nargin adasında saxlanan türk əsirlərinin vəziyyəti ilə maraqlanır. O, həmfikirləri ilə Dumada bir komissiya seçib Nargin adasına göndərilməsi məsələsini tələb edir. “Hümmət” 1917-ci il 28 noyabr tarixli sayında yazır: “Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl məlumat toplayıbdır. Bu barədə Dumada bir məruzə oxuyacaqdır”.
Bakı şəhər Dumasının “Təhqiqat komissiyası”nın üzvləri-Nəriman bəy Nərimanov, Əbdülbağı Məmmədov, Ağa Məhəmməd İbrahimov, Mürsəlov, eləcə də, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Nargin cəzirəsində məhbusların vəziyyəti və saxlanma şəraiti ilə tanış olanda dəhşətə gəldilər.
Burada minlərlə hərbi və mülki əsir taxta baraklarda anti-sanitariya şəraitində yaşayırdı. Baraklar arasında çadırlarda vəziyyət daha dözülməz idi. Hər yerdə natəmizlik, üfunət 400 nəfərlik xəstəxanada ağır xəstələrə tibbi yardım göstərmək üçün dava-dərman çatışmırdı.
Məhbusların bənizi solğun, kədərli idi. Onlar maddi və mənəvi sıxıntı çəkir, həftələrlə içməli suya həsrət qalırdılar.
Rus və erməni mühafizəçiləri məhbusları ciddi rejimdə saxlayır, onlarla çox kobud davranırdılar.
“Açıq söz” qəzeti 1917-ci il 7 dekabr tarixli sayında “Təhqiqat komissiyası” üzvlərinin Nargin cəzirəsində gördüklərini belə şərh edir:
“Cəzirədə yaşanan dəhşətli vəziyyətin izlərini görən komitə üzvləri hönkür-hönkür ağlamaqdan özlərini saxlaya bilmirdilər. 400 adam yerləşəcək xəstəxanada 1200 xəstə balıq kimi bir birinin üstünə tökülmüşdü, bəzisi can verirdi, bəzisi “Əfəndim, su”, “Əfəndim, yemək” deyə qışqırırdı. Bir tərəfdən isə o gün ölmüş 40 əsir bir-birinin üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından, susuzluqdan, soyuqdan tələf olurdu. Nə əyinlərinə geyinməyə geyimləri, nə bir də yandırmağa yanacaqları var idi. Bir çoxları başlarının altına kərpic qoymuşdular. Quru taxta üstündə yatmaqdan çoxlarının yanlarında böyük yaralar əmələ gəlmişdi. Mülki əsirlər arasında 80 yaşında qocalarla yanaşı, 2 yaşından 15 yaşına qədər körpə uşaqlar da var idi.
Daha sonra Nərimanov adada 700-ə qədər səksən yaşlarında ahılın, 2 yaşından 15 yaşına qədər körpə uşaqların olduğunu və bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini bildirərək sözlərini bu cümlələrlə tamamlamışdır: “Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub öz növbəsini gözləyir”.
Axşamçağı Nargin adasından şəhərə yorğun qayıdan Nəriman Nərimanov evdə özünə aram tapa bilmədi. Papirosu-papirosa caladı, yazı masasına dirsəklənib fikirləşdi. O, Nargin adasında əsirlərin dözülməz halını görüb dəhşətə gəlmişdi. Onlara təcili kömək göstərmək fikri onu tərk etmirdi. O, otaqda bir qədər var-gəl etdi. Bakı şəhər Dumasına əsirlərin vəziyyəti, onlara təxirə salmadan kömək barədə məruzə yazmağı qərara aldı.
Nərimanov stolun üstündəki zəif işıqlı lampanın piltəsini qaldırdı, otaq işıqlandı.
O, ağ vərəqləri qabağına çəkdi, qələmi mürəkkəbə batırıb xeyli düşündü. Həyəcandan fikrini toplaya bilmirdi: haradan başlasın? Bir qədər sonra gördüklərini təfsilatı ilə yazmağa başladı
Nərimanov məruzəsini başa çatdıranda artıq dan yeri sökülmüşdü. Pəncərəyə düşən şəfəqlər otağı işıqlandırmışdı. O, lampanı söndürüb, bir çimir yuxu almaq üçün divana uzandı.
Ertəsi gün Nərimanovun “Hümmət” qəzetində (28 noyabr 1917-ci il) “Göz yaşı tökdürən Cəzirə” məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı ilə yazırdı:
“Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”, “əfəndim, paltar!” sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim!
Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min də bu növbəyə hazırlaşır. Tifmi, vəbamı və ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə qurban edəcəkdir?
Yox, yox!
Aclıq! Susuzluq və soyuq!
Müsəlmanlar “əfəndim, su!..” deyib gözlərinizə baxdıqda guya demək istəyirlər: Siz insanmısınız? İnsaniyyətə dair qanunlarınız varmı? Siz millət balasısınızmı? Zavallı millət balalarına cavabınız nədir?
Sizə baxan, sizi mühakiməyə çağıran bu gözlərdə siz bu sözləri oxuyursunuz? Oxuyub da ürəyiniz sıxılır, gözləriniz ixtiyarsız yaşarır.
Mən tab gətirə bilməyib ixtiyarsız ağladım…
Ağlamamaq mümkündürmü? Vaxtında ata-ananın göz işığı və sonra uşaqlar pərəstdarı və daha sonra vətən qəhrəmanı bir insan indi ilanlar məskəni olan susuz bir cəzirədə can verirkən, quru, partlamış dilini çıxarıb deyir: “əfəndim, su!”, “əfəndim, yemək!”, “paltar!”. İndi mən də qulaqları eşidənlərə, vicdanları oyanmışlara üzümü tutub da o zavallı cəzirə əsirlərinin sözlərini təkrar edirəm: “əfəndim, su!”, “əfəndim, yemək!”, “paltar!”. Bu göz yaşı tökdürən cəzirə sizi gözləyir, sizə ümid bağlayır. Əmin olunuz, siz də mən gördüyümü görsəydiniz və əlinizdən bir şey gəlmədiyini düşünsəydiniz, siz də mənim kimi deyərdiniz: kaş bu cəzirəyə getməyəydim!”.
…1917-ci il dekabrın 5-də səhər saat 11-də Bakı şəhər Dumasının növbəti iclası başlanmışdı. Ayrı-ayrı fraksiyaları təmsil edən Duma üzvləri və qonaqlar öz yerlərini tutmuşdular. Nəriman Nərimanov çıxış üçün söz aldı, zalda oturanlara müraciətlə dedi:
—Cənab Duma üzvləri, Nargin cəzirəsində əsirlərin vəziyyəti haqqında məruzəm hazırdır. Əgər lazım bilsəniz, ərz edə bilərəm.
Zaldan “Xahiş edirik”—sədaları eşidildi.
Nəriman Nərimanov xitabət kürsüsünə yaxınlaşdı. Zala tam sükut çökmüşdü. Nərimanovun yorğun, kədərli, bir az da qəzəbli, ittihamedici sözləri hamını sanki, sehirləmişdi. O dedi:
“Cəzirənin halı hər tərəfdən fənadır. Buradakı evlər adamlar üçün tikilməyibdir. Bu evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir. Bunların soyuqluğuna səbəb nəinki soba yandırılmamasıdır. Xeyr! Burada heç vaxt soba yandırmazlar. Çünki odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb taxtaların aralarında olan deşiklər və damların üstəki şüşəsiz pəncərələrdir”.
“Mən sağlamlar üçün bişən şorbanı gördüm: itini sevən kişi bunu itinə verməz”, su da burada çox vaxt tapılmır.
“Burada insanlar susuzluqdan can verirlər”.
Bu zavallı əsirlərin hallarını daha aşkar nəzərə gətirmək üçün burada bir neçə sifralar söyləmək istərdim.
Hazır hər gün 40-45 adam ölməkdədir.
Nə isə bu cəzirə bir məzardır. Bu məzarın kənarında hazır min adam növbədə durubdur və 7 min sağlam adam da bu növbəyə hazırlaşır. Gərəkdir daşürəkli olasan da bu vicdansızlığa davam edəsən: acıqlı, hirsli halında insan insan barəsində bu dərəcə vicdansızlığa meydan versə, bəlkə də təbii ola. Fəqət mürur ilə hər saat, hər gün, həftələr, aylar, illərlə bu hərəkətdə bulunmaq insanlıq hərəkəti deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər arasında görünməyibdir” (“Hümmət” qəzeti, 11 dekabr 1917-ci il).
Hamı bəşəri cinayətə qarşı ittihamı dinləyirdi. Necə olub ki, “qulaqlarının dibində” Rusiya hökumətinin yaratdığı dəhşətli soyqırım düşərgəsindən xəbərsiz olublar. Yüzlərlə insan ac, susuz, soyuqdan, xəstəlikdən, zorakılıqdan ölüb. Hamı xəyanət qurbanlarının ruhu qarşısında özlərini günahkar bilir, qəzəblənirdi.
Nərimanovun məruzəsindən sonra çıxış edənlər əsirlərə yardım komitəsi yaradılması məqsədilə xüsusi komissiya qurulmasını təklif edirlər. Komissiya Nəriman Nərimanovun təkidli tələbinə görə qərara alır: Cəzirəyə daha əsir göndərilməsin; Cəzirədə saxlanan qocalar və müharibədə iştirak etməyən əhali və uşaqlar vətənlərinə göndərilsin və ya cəmiyyəti-xeyriyyənin himayəsinə verilsin; Xəstələr tezliklə cəzirədən şəhərə müalicəyə göndərilsin; Cəzirədə saxlananların yemək-içməkləri artırılsın və alt-üst paltarlarına diqqət yetirilsin.
Nəriman Nərimanovun Nargin cəzirəsində əsirlər problemini ortaya qoyması-”Bəsirət” (25 noyabr 1917), “Hümmət” (28 noyabr 1917), “Açıq söz” (7 dekabr 1917), “Bakinski raboçiy” (8 dekabr 1917) və digər qəzetlərdə ictimaiyyətə çatdırılması, Bakı şəhər Dumasında tarixi çıxışı təsirsiz qalmadı. Sanki ildırım çaxdı, yatanlar oyandı. Bu böyük tarixi hadisə Rusiya İmperiyasının Türk xalqlarına qarşı xəyanətkar siyasətini ifşa etdi. Eyni zamanda Azərbaycan xalqının türk soydaşlarına doğma münasibətini, sədaqətini, qeyrət və dəyanətini açıb göstərdi.
Bakı şəhər Duması Nərimanovun rəhbərlik etdiyi komissiyanın təkliflərini təsdiqləyib Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına və cəzirədə yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi.
Müsəlman Milli Komitəsi və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi üç yüz xəstə—türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi.
Rusiyanın müsəlman bölgələrində, eləcə də Bakı və Gəncə şəhərlərində müharibə bölgələrində və hərbi düşərgələrdə acınacaqlı şəraitdə əzab çəkən qocalara, qadın və uşaqlara kömək məqsədilə xeyriyyə tədbirləri görüldü. Uşaq evləri yaradıldı. “Açıq söz” qəzeti (7 yanvar 1917) yazırdı: “…Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirilmişdi. Bu balalara baxmağı “Möhtaclara kömək” Cəmiyyəti öz öhdəsinə alıb və hər bir məxarici boynuna götürüb. Bu yetimlər evini saxlamaq cəmiyyətə hər ay 10 min manata başa gələcəkdir”.
Nərimanov türk xalqının düçar olduğu ağır günlərdə əməli fəaliyyətini bu istiqamətə yönəldir. O, rəhbərlik etdiyi “Hümmət” sosial-demokrat təşkilatının ən fəal üzvlərini türk əsirlərin qaçırılması, göndərilməsi, xəstələrə yardım olunması işinə səfərbər edir.
“Hümmət” qəzetinin 12 dekabr 1917-ci il tarixli nömrəsində Doktor Nəriman bəy Nərimanovun müraciəti onun xalq əhəmiyyətli problemin həllinə, kütləvi xarakter almasına necə həssaslıqla yanaşmasını sübut edir:
“Bununla camaata elan edirəm ki, Nargin cəzirəsində əsirlərlə bir yerdə yaşayan uşaqlara və əsir hesab olmayan qoca kişilərə hər növilə kömək etməyi icraiyyə komiteti tərəfindən mənə mühəvvəl olunubdur. Ona binaən hər kim nə yol ilə bunlara və ümum əsirlərə köməklik etmək istəsə mənə rücu etməlidir.
Adres: İsmailiyyə binası, “Hümmət”in idarəsi, səhər saat 9-dan axşam saat 6-yadək. Xüsusi görüş üçün axşam saat 5-8-dək qəbul edirəm.
Doktor N.Nərimanov.
Telefon 37-34”.
Göründüyü kimi, Nərimanov Nargin cəzirəsindəki məhbusların taleyi məsələsinə ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, əhalinin kütləvi halda onlara maddi və mənəvi yardım göstərməsinə günün ən vacib, təxirəsalınmaz vəzifəsi kimi baxırdı.
Nərimanovun bu yöndə təbliğatı və təşkilatçılıq fəaliyyəti böyük əks-səda doğurur, təsirsiz qalmırdı. Hətta türk əsirləri də Nərmanovun nəcib təşəbbüsünü, fədakarlığını təqdir edir, ona öz minnətdarlıqlarını bildirirdilər. Hafiz Feyzulla və Mustafa Həmdi “Hümmət” qəzetinin 1918-ci il 31 may tarixli sayında dərc etdikləri “Ərzi təşəkkür”ündə minnətdarlıq hissi ilə yazırdılar:
“Nargin adasında yaşayan əsirlər arasında, ana, ata, qohum və ev-eşiyindən ayrı düşmüş beşdən on beş yaşınadək türk uşaqlarının qiymətli həyatlarının məhv olmasını, istiqballarının təmini üçün şəfqətli bir ata kimi diqqəti-qəlbə malik olan Nəriman bəy cənablarının adada, uşaqlar arasında göz yaşları tökərək gəzdiyini, bu yetimlərin başlarını sığallayaraq “balalarım, sizi Bakıya aparacağam” deyə vədi ilə bu məsumların ahu zarlarını təskin etdiyini görüncə, ona dualar etdik… Son zamanlarda hadisə nəticəsində möhtərəm Nəriman bəy Nərimanovun idarəsinə alınması üçün getmişdik… Bir nəticə əldə edə bilməyib adaya qaytarıldığımızdan xəbərdar olan Nəriman bəy cənabları təkrar adadan şəhərə aparıb üçüncü dəfə tədrisata başladığımıza, onun əhəmiyyətinə minnətdar olduğumuzu və təşəkkürümüzü bildiririk…”.
Türklərin müharibədə düçar olduğu faciə ümummüsəlman dərdinə çevrilmişdi. “Qardaş köməyi”, “Türk əsirlərinə yardım komitəsi” , “Möhtaclara kömək”, “Bakı İslam Cəmiyyəti-Xeyriyyəsi”, “Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti” və “Qırmızı Xaç Cəmiyyəti” cəbhə bölgələrində, hərbi düşərgələrdə köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi yardım etməklə və əsirləri həbsxanalardan qaçırıb vətənlərinə yola salmaqla məşğul olmağa başladı.
Hüseyn Cavid (“Hərb və fəlakət”, “Türk əsirləri”), Əli Nəzmi (“Arş irəli”), Əli Razi Yusifzadə (“Qonaqlara”), Əhməd Cavad (“Yazıq”), Ömər Faiq Nemanzadə (“Bən kiməm?”), Xəlil İbrahim (“Müharibə və qadınlar”), Rəşid Yusifzadə (“Ruhanilərimiz”), Sultan Məcid Qənizadə, eləcə də digər yazıçı və publisistlər müharibənin törətdiyi faciələrə, türk millətinin, günahsız insanların başına gətirilən müsibətlərə qarşı etiraz səslərini ucaldırdılar.
Bakı və Bakıətrafı kəndlərdə hamı müsəlman qardaşlarına kömək etməyə namus və şərəf işi kimi baxırdılar.
“Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” milyonçuların maddi və mənəvi köməyi sayəsində məhbusları paltar, ərzaq, su ilə təmin edirdi. Cəmiyyətin üzvləri ictimaiyyətin arzusunu nəzərə alıb bütün əhalini ümumxalq işinə cəlb etmişdi. Onlar çayxanalarda, klublarda, evlərdə görüşlər təşkil edib ianə toplayırdılar.
Hacı Zeynalabdin Tağıyevin açdığı məktəbin müəllim və şagirdləri türk əsirlərinə yardım məqsədilə məktəbin iclas zalında 3 pərdəlik “Bədbəxt bala” dram əsərini səhnəyə qoymuşdular.
Cəmiyyət müsəlmanların maddi köməyi ilə Novruz bayramında nəşr etdiyi “Qardaş köməyi” qəzetinin satışından toplanan 1300 manata türk əsirlərinə dərman, tibbi ləvazimat və adyal alıb göndərmişdi.
1917-ci il aprelin 15-də Bakıda “İsmailiyyə” binasında Qafqaz müsəlmanlarının I qurultayı başlanmışdı. Rəyasət heyətində Əlimərdan bəy Topçubaşov, Nəriman bəy Nərimanov, Fətəli xan Xoyski, İbrahim bəy Heydərov, Nəsib bəy Yusifbəyov və Məhəmməd Həsən Hacinski əyləşmişdi. Zalda Türküstandan Dağıstana qədər ümum Qafqazın hər tərəfindən nümayəndələr vardı. Rusiyada təhsil alan azərbaycanlı tələbələr də iştirak edirdilər.
Tarixi qurultayda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunurdu.
Azərbaycanlı vətənpərvər gənclər ölkənin taleyi ilə ciddi maraqlanırdılar. Onlar “Qafqaz Müsəlman Tələbələri Cəmiyyəti” yaratmış, gizli fəaliyyətə keçmişdilər. İstiqlaliyyət təşnəsi olan gənclər milli orduya könüllü əsgər toplamağı və Nargin cəzirəsindəki hərbi əsirləri qaçırmağı qarşılarına məqsəd qoymuşdular.
Rusiyada ictimai-siyasi, iqtisadi böhran, ölkədə baş verən proseslər elə vəziyyət yaratmışdı ki, hərbi əsirlərin ciddi nəzarət altında saxlanması yetərli deyildi. Rusiyanın “fəhlə batalyonları” və həbs düşərgələrindən türk, alman və avstriyalı hərbçilər qaçıb Azərbaycana pənah gətirirdilər. Rusiya hakim dairələri ciddi axtarış-əməliyyat tədbirləri həyata keçirmək iqtidarında olmasa da, həbs düşərgələrindən əsirlərin qaçmasından narahat olur, inzibati idarələrə bu axının qabağını təcili almağı tapşırırdı. Xəfiyyələr hər yerdə vurnuxurdu, əldən-ayaqdan düşürdü.
Bakıda xeyriyyə cəmiyyətləri sahibkarların maddi və mənəvi köməyi sayəsində həbs düşərgələrindən əsirlərin qaçırılması, qayğı ilə qorunması, vətənlərinə yola salınması işini mütəşəkkil şəkildə təşkil etmişdi. Xəstə və yaralı əsirlər evlərdə müalicə ediləndən sonra o biri soydaşları kimi paltarları dəyişdirilir, saxta İran pasportu cibində arxayınca şəhər şəraiti ilə tanış olurdular. “İsmailiyyə” binası yaxınlığında xüsusi bir yeməkxanada “İran müsafirləri” hər gün çay içər, yemək yeyər, pul vermək bəhanəsi ilə kassaya yaxınlaşar, “verdiyi pulun qalığını” alırmış kimi kassirdən xərclik alardılar. Dükançılar türklərlə alver edərkən onlara qarşı qayğı ilə davranar, bəzən pul götürməzdilər.
***
1920-1921-ci illərdə Mustafa Kamal Paşa ilə Nəriman Nərimanov arasında “müxtəlif tarixlərdəki yazışma və məktublardakı söhbət, qarşılıqlı ortaq fikirlər” əsasında yaranmış dostluq münasibətləri sarsılmaz qardaşlıq əlaqələrinə çevrilmişdir.*
1920-ci ildə N.Nərimanovun “müstəqil sovet Azərbaycanına” Xalq Komissarları Sovetinin sədri kimi başçılıq etməsi Mustafa Kamalı məmnun etmişdi. O, Azərbaycanla dostluq əlaqələri qurmaq üçün tanınmış şair və diplomat Memduh Şevket Esendağı səfir göndərir. Bir ildən sonra Türkiyədə, Ankara şəhərində Azərbaycan səfirliyi açılarkən ilk səfir İbrahim Əbilovun dəvətəni qəbul edib açılışda şəxsən iştirak edən Mustafa Kamal Paşa “Azərbaycan bayrağını öz əlləri ilə qaldırır” və çıxış edərək deyir: “Milli hüdudumuz içində azad müstəqil yaşamaq istəyirik. Millətimiz bu istəyimizin qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən dəstəkləndiyi üçün böyük qürur hissi duyur. Türkiyə və Anadolu türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri xoş və gözəl duyğulara böyük dəyər verirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”. (Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və Türk Qurtuluş Savaşı”. “Respublika” qəzeti 19 iyul, 2019-cu il).
Türkiyə-Azərbaycan dostluq münasibətləri Mustafa Kamal Atatürkün ölkədə Türk Qurtuluş Savaşı apardığı dövrə təsadüf edirdi. Türk tədqiqatçısı Hüseyn Adıgözəlin araşdırmalarına görə, Mustafa Kamal Paşa “Qərbin böyük güclərinin düşməni olan Sovetlər Birliyindən imperializmə qarşı savaşmaq üçün dəstək və yardım” almaq niyyəti ilə Moskvaya göndərdiyi nümayəndə heyəti “heç kimsə ilə görüşmədən geri dönmək məcburiyətində qalır”. Hakim rəsmi dairələr Türkiyə nümayəndə heyətini qəbul etmir.
Moskvanın etinasızlığı N.Nərimanovun inandığı prinsip və qanunlara zidd idi. Yenicə uyuşmaqda olan “son dərəcə gərəkli və önəmli” diplomatik münasibətə son qoyula bilərdi.
Hüseyn Adıgözəlin dediyi kimi, N.Nərimanov Türk Qurtuluş savaşının uğurla, qalibiyyətlə başa çatmasının Şərq xalqları üçün yaxşı bir örnək olacağını düşünürdü”.
Türkiyə Böyük Millət Məclisinin 1921-ci il fevralın əvvəlində Moskvaya göndərdiyi nümayəndə heyəti Mustafa Kamal Atatürkün tövsiyəsi ilə əvvəlcə Bakıda N.Nərimanovun dəvətində olması təsadüfi deyildi. Nərimanov Leninə məktub yazıb Behbud Şahtaxtinskini də Türk nümayəndə heyəti ilə Moskvaya göndərir. Lenin tutarlı arqumentlərlə yazılmış N.Nərimanovun məktubunu 1921-ci il fevralın 19-da Mərkəzi Komitənin üzvləri ilə də tanış edir. N.Nərimanov məktubun bir yerində Leninə yazırdı: “Erməni məsələsi türklər üçün ölüm-qalım məsələsidir. Bu məsələdə Türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz! (“Respublika” qəzeti, 10 iyul 2019-cu il).
Hadisənin axarından göründüyü kimi, gözlənilən nəticədən anlaşılır ki, Lenin xarici işlər naziri ermənipərəst Çiçeçrin kimi düşünən, türk heyətini soyuq qarşılayan və təkliflərini diqqətə almayan rəhbərlərin münasibətəlrini nəzərə almadan Nərimanovun məktubundakı xəbərdarlıqlarına diqqət yetirmiş, “tərəflər arasındakı anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir”.
Ona görə də Türkiyə nümayəndə heyətinin Rusiya Federasiyası ilə anlaşmasında uğur əldə edilir: “Türkiyə bir milyon qızıl pul borc alır. Naxçıvanın Azərbaycanın tərkibində qalması razılaşdırılır. Rusiya Federasiyası ilə Türkiyə ortaq düşmənləri İngiltərəyə qarşı hər məsələdə iş birliyində olmağı qərarlaşdırırlar”.
N.Nərimanov Türkiyənin ağır durumunda onun böyük bir dövlət tərəfindən dəstəklənməsinə nail olur.
Hüseyn Adıgözəl yazır: “Ankara hökumətinin Sovet İttifaqı tərəfindən tanınması beynəlxalq siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin başçısı Nəriman Nərimanov idi”.
Türkiyə ordusunun Qurtuluş Savaşında işğalçı qoşunlarına vurduğu zərbələr Azərbaycanda böyük sevinclə qarşılanırdı. N.Nərimanovun tapşırığı ilə Azərbaycanın xarici işlər komissarı Davud Hüseynov Türk xalqını, Türkiyə Böyük Millət Məclisini və onun rəhbəri Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan xalqı adından təbrik edir. Bu münasibətlə 1921-ci il may ayının ortalarından hər ay Azərbaycan hökuməti Türkiyəyə 62 sistern neft və üç vaqon kerosin göndərməyi qərara almışdı.
…1922-ci ilin iyul ayına qədər 9 min tondan çox kerosin və 350 ton benzin göndərilmişdir. 1921-ci il martın 17-də Türkiyənin səfiri Memduh Şovkət bəy Mustafa Kamal Paşanın təqdim etdiyi məktuba əsasən N.Nərimanov “hökumət üzvlərindən bəzilərinin qarşı çıxmasına rəğmən” dərhal xəzinədə olan 500 kilo qızılı Ankaraya göndərdi. Əlavə də 30 sistern neft, iki sistern benzin və 8 sistern mədən yağı göndərdi.
1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə yazırdı: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir” (Doğan Avcıoğlu. “Milli Qurtuluş tarixi” III-cild, səh. 438. Sitat Hüseyn Adıgözəlin məqaləsindən götürülmüşdür).
Tədqiqatçı alim Hüseyn Adıgözəl dediyi kimi: “Tarixi mənbə və qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin başında qaldığı iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək, Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək, heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır”.
Həqiqətən də, 1970-ci ilədək Sovetlər Birliyində belə olmuşdur. Ümummilli lider Heydər Əliyev böyük Nəriman Nərimanov adının, fəaliyyətinin, ədəbi irsinin millətin salnaməsində mövqeyini, tarixi dəyərini qiymətləndirməyə nail oldu, həqiqəti barpa etdi. Bakının ən görkəmli yerində onun əzəmətli heykəlini ucaltdı. Beləliklə, xalqın böyük oğlu Nəriman Nərimanovun əbədiyaşarlıq haqqının təməli qoyuldu. Şükürlər olsun!…
Teymur ƏhmƏdov.

*Məqalə Hüseyn Adıgözəlin tədqiqatı əsasında yazılmışdır. Hörmətli həmkarıma təşəkkür edirəm – Müəllif.

Mənbə:http://respublica-news.az