Yanağın güldən zərif,
Belin telindən incə.
Dilin sözündən şirin,
Sözün dilindən incə.
Göy suların ağ quşu,
Sən mənim nəzərimdə
Dünyanın ən gözəli!
Çin qızı, Çin gözəli!

Dünyanın heç yerində
Sənin kimi pəri yox,
Həyatın səndən baha
Sərvəti yox, zəri yox.
Bu, Allahın işidi,
Sənin gözəlliyindən
Bəndənin xəbəri yox.
Yaradanın, Tanrının,
Allaha tən gözəli!
Çin qızı, Çin gözəli!

Bu ağlıq ki səndə var,
Süd gölündə çimənsən.
Bu ətir ki səndə var,
Yamyaşıl bir çəmənsən.
Bu qiymət ki səndə var,
Ləlsən, yaqut, yəmənsən.
Süd yox, ana döşündən
Ay işığı əmənsən.
Türk gələ, İran gələ,
Külli Hindistan gələ,
Yerini verə bilməz
Dünyanın min gözəli!
Çin qızı, Çin gözəli!

Səni ana doğmayıb,
Səni ata əkməyib.
Buludun arasından
Hazır enmiş mələksən.
Heç kəs səni böyüdüb,
Zəhmətini çəkməyib.
Bir səsə bax, ay Allah,
Nəfəsə bax, ay Allah,
Qumru belə ötməyib,
Kəklik belə səkməyib.
Heç yerdə görməmişəm
Belə zərif, belə şux,
Bir belə şən gözəli!
Çin qızı, Çin gözəli!

Mən indi başa düşdüm,
Niyə Nizami babam
Çin yazıb, Çin deyirmiş!
Mən indi başa düşdüm,
Niyə Füzuli babam
Sevgiyə din deyirmiş!
Mən indi başa düşdüm,
Nə üçün Molla Pənah
Çinü-Maçin deyirmiş!
Qar zirvənin şöhrəti
Dağların çən gözəli!
Dünən babalar olub,
Bu gün heyranın mənəm,
Çin qızı, Çin gözəli!

Mart, 1994, Şanxay