Qafqaz ƏVƏZOĞLU.”Sumqayıtım!”

Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

SUMQAYITIM

(Sumqayıt şəhərinin 60 illiyinə)

Sumqayıtım – gözəl şəhər,
Yarandığın gündən bəri,
Öz hüsnünlə,
öz hissinlə,
nəfəsinlə,
Heyran etdin gələnləri.
Çiçəkləndin gündən-günə,
aydan-aya,
ildən ilə,
Yetişdirdin ərənləri!

Səni qurub-yaradan,
zirvələrə ucaldan,
insanlara min alqış!
Şöhrətinə can atan,
gündüzün gecələrə,
qatanlara min alqış!

Gen açıb qollarını,
ögeyə – doğma,
dərdliyə – sirdaş,
Dostluğa möhkəm oldun.
Əməlinlə,
əməyinlə,
halal duz-çörəyinlə,
həmişə ötkəm oldun!

Gen açıb qollarını,
bir anası olmusan,
kimsəsizin,
yalqızın.
Səninlə fəxr eyləyir,
səni qurub-yaradan,
sinən üstə boy atan,
hər bir oğlun,
hər qızın!

Xoş arzulu arzuları,
diləkləri,
gümanları,
Həqiqətə çevirmisən.
Öz isti qucağında,
yersizlərə yer,
ərsizlərə ər vermisən!

Anatək ağuşuna,
basmısan qaçqınları,
yurddan didərginləri…
Bu geniş ürəyinin,
olublar dost-doğmaca,
bir əziz sakinləri!

Yarandığın gündən bəri,
qucağına tələsdi,
işığına tələsdi,
beləcə neçələri.
Sökülən bir dan oldun,
al gecələrə çevirdin,
qaranlıq gecələri!

Üşüyən ürəkləri,
don tutmuş damarları,
isidib qızdırmısan,
İlıq nəfəsinlə sən.

Qarı və qocaları,
ömrünə bəd baxanları,
ruhən cavanlatmısan,
Gənclik həvəsinlə sən!

Vüsətinə,
büsatına min alqış,
Zirvələrə ucaldın.
Əyilməz vüqarınla,
sarsılmaz qüdrətinlə,
ürəklərdə yer aldın!

Mavi Xəzər hər səhər,
yuxusundan oyanıb,
vəcdə gəlir şövqündən.
Günəş də hər gün belə,
hüsnünə tamarzıtək,
tamaşana durmağa,
sıyrılır üfüqündən!

Sənsiz olmasın mənim,
heç bir anım,
saatım.
Harda olsam darıxıram,
qarıxıram,
qucağına qayıdım,
Mənim gözəl Sumqayıtım!!

2009.