https://b.radikal.ru/b24/1910/94/00b4e951ac7b.png

“Elm və təhsil” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, şair Xəlil Rza Ulutürkün “Ədəbi-tənqidi məqalələr” adlı yeni kitabı 536 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
Tərtib edən Azərbaycan Milli Elmlər Akademiyasının (AME) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri filolofiya doktoru, Azərbaycan Neft Akademiyası ictimai Elmlər kafedrasının baş müəllimi, akademik Yusif Məmmədəliyev, Rəsul Rza Xəlil Rza Ulutürk və Məmməd Araz mükafatları laureate Firəngiz xanım Ulutürkdür.

Kitabın redaktoru və “Ön söz” müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, yazıçısı-publisist Şəfəq Nasirdir.

Kitaba Xalq şairi Xəlil Rza ulutürkün müstəlif illərdə yazdığı məqalələri, publisistik düşüncələri daxil edilmişdir. Şair ədəbi taleyində yaradıcılığının bir qanadı olan ədəbiyyatşünaslıq, ədəbi tənqid sahəsində də eyni maraq və coşqu ilə yazıb-yaratmışdır. Bu məqalələrin yazılmasından 50 ilə yaxın bir vaxt keçsə də, həmin əsərlər bu gün də öz aktuallığını, təsiri saxlamışdır. Qələminin qüdrəti, sözünün çəkisi, bədii dəyəri ədəbiyyatşünas-alimin ədəbi-tənqidi məqalələrində də aydın görünür.
Kitab böyük bir dövrün ədəbi-tənqidi problemlərinin araşdırılması ilə məşğul olan tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.