sən necə anlaya bilərsən məni,
mən özüm-özümü bilə bilmirəm.
fikrimlə şum vurub, ceşin atıram,
sökürəm sinəmi niyə? bilmirəm.

yaşamaq sayılan hal mənlik deyil,
qaytar bu ümidi, al, mənlik deyil,
sükut mənlik deyil, qal mənlik deyil,
niyə əsir düşdüm Yerə? bilmirəm.

illəri yellərə verməkdir işim,
yorub yollarımı yorğun yerişim,
hansı dağa çıxım, dərəni aşım,
verim belə ömrü selə, bilmirəm.