Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Dağınıq fikirlərim kimisən bu gün
yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…

İş masamın üstünə düzülüb xəyalların…
Bütün kağızların bir tərəfində
sənin şifrələnmiş adın,
bir tərəfində mənə aid cızma-qaralar…
Eynən duyğularım tək qarma-qarışıq…

Yağış döyən pəncərəmdə görünür bir ara üzün,
Diksinib baxıram… “yanıldım” yenə o hüzn…

Bir tərəfdə sırf özəl əşyalar,
gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar…
Soldakı çərçivədə rəsm – sonuncu xəyal,
kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…

Önümdə yazdığım bir neçə sətir –
hələ tamamlanmamış yarımçıq şeir…
nədənsə istəmirəm sonuncu cümləni yazmaq…

dağınıq fikrilərim kimisən bu gün
yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…

Sən mənim yarımçıq şeirim kimisən
heç vaxt son cümləsi yazılmayacaq…
2011