![](http://edebiyyat-az.com/wp-content/uploads/2020/04/29497453_111549449689796_2245747713169949179_n.jpg)
Bəzən yayın soyuq oldu,
yazdan ilıq qışın,dünya,
hər dönəmin dərdli,odlu,
açılmadı başın,dünya.
Sağ ol ki,qoynunda varam,
nə işinə yarayaram?
anladım ki,günahkaram-
çatılanda qaşın,dünya.
Çoxdur ərin,ərənlərin,
uğrunda can verınlərin,
ordu-ordu gələnlərin,
gedən qoşun-qoşun,dünya.
Kimlər sənə çox əzizdi?
saxladığın beş-on izdi,
qırma,ümid yerimizdi
kotanınla-xışın,dünya.
Qoy-özümdə özüm olum,
öz kəfənlik bezim olum,
başdaşım da özüm olum,
çatmayanda daşın,dünya.
Altımda yer niyə çökür?
tərəzin nə cürə ölçür?
dedin: “Hamı ora köçür,
sən də ora daşın”-dünya.
Sevindirsən-könlüm gülər,
incidəndə boğar qəhər,
mən gedəndə-yaşım qədər
azalacaq yaşın,dünya!
Gəldim,xeyli gözləmisən,
Vahid ƏZİZ-həmin mənəm!
görən hansı əməlimnən
gələ bilib xoşun,dünya…