DƏHŞƏTƏ GƏLİRƏM XƏBƏR TUTANDA…

Dəhşətə gəlirəm xəbər tutanda,
ekrandan duyanda vücudum əsir,
vicdansız ata var,imansız ana–
həyat güllərinə qənim kəsilir.

Qızlar-igidlərin tale yazısı,
bəxtilərin sayrışan ulduzlarıdı,
qızlar–gəlinimiz,dədə qarısı,
ana olanlar da qızlarımızdı.

Qızlar-nur parçası,ocaq istisi,
Vətəni qoruyar ərənlər,ərlər,
bəraət almağa ümid etməsin
analar bətnində qız öldürənlər!

Qızlar-eşq bağının qızıl gülləri,
hər biri bir ömrün baharı,yazı,
təbib də,dərman da qadın əlləri,
“Sarı gəlinimiz” Günəşin qızı.

Yetər,qarışdırdıq qanlarımızı–
evlərdə “manyalar”,”sonyalar” artdı,
unudub gül kimi qızlarımızı
“kərəmlər”- “əslilər” odunda yandı!

Sərvətdir qızlara baba olmağım,
gözəllər ən gözəl xatirələrim,
oğlan nəvələrim–əsam,dayağım,
yasımı saxlayar qız nəvələrim!

Ən şirin nəğmədir ana laylası,
qız–qızıl parçası,gövhərdi,ləldi,
vallah,elçilərin qarşılanması,
elçi göndərməkdən daha gözəldi…
24.12.2015.

BİR VAXTLAR…

Bir vaxtlar hamısı dadlı,şirindi-
buxaqlar sallanıb,üzlər əpriyib,
qocalar qartımış pencər kimidi,
nə çiy-çiy yeyilər,nə də ki,bişmiş.

Onlar da müxtəlif–naziyi,codu,
dadsızı,duzsuzu mindən biriydi,
kimisi sevilib bəxtəvər oldu,
kimisi,sadacə,eşqdən əridi.

Mən də məclislərə hərdən düşürəm;
paltar şux görünə gərək əyində,
qəbul eləmirəm,əsəbləşirəm,
qadına-“Kişitək qadın”-deyəndə.

O anda üstümə yağır suallar,
yüksəlir müxtəlif ölçüdə səslər,
kişiyə-“Qadıntək kişi”-deyəndə
bilirsən nə qədər qanlar tökülər!!?

Onsuzda yaşanır ömür bir kərə,
yetər ki,Tanrının izniylə bitsin,
qadınlar çiçəktək köçsün göylərə,
kişilər kişitək torpağa getsin.

Bu gidi dünyaya düşənnən yolum
yerlər şumlamışam,güllər biçmişəm,
ya ot,bundan sonra,ya ələf olum,
fərq etməz–doyunca yeyib–içmişəm…