Şəfa EYVAZ.Seçilmiş şeirlər (III hissə)

This image has an empty alt attribute; its file name is sefaeyvaz.jpg

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Körpəm


Oturub önümdə 
muncuq gözlərində həyat işığı
Çiçəklərdən daha gözəl bir körpə.
Baxır minbir sualla,
Kədər çökmüş üzümə.
Gizlətməyə çalışsam, alınarmı?!
Bilmirəm…

Baxıb üzündəki məsum suala,
Çalışıram az da olsa gülməyə,
İnanmadın bilirəm,
inanma, körpəm…
Ağrılar asanca yox olub getmir,
Böyüyüncə sən də öyrənəcəksən…

Gizlədə bilmirəm indi gözümü,
Mənim kədərimə şahid olursan…
Dilim susa bilər…
ruhum kirimir.
Tələsmə böyüməyə
Uşaq qal, körpəm,
Böyümək həmişə sevinc gətirmir…

Tanrıdan bir dilək haqqım olsaydı əgər,
Yəqin bu dünyadan qəmi alardım…
Yığıb xoş anları, xoşbəxt günləri,
Körpə əllərinə bağışlayardım…

İndi ağrıları sıxıb dişimə, 
Üzünə dodaqla gülümsəyirəm.
Gözlərim gülmədi bunu bilirsən, 
Bilirsən və qarşılıq vermirsən körpəm…
Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
gül ki, gülüşlərin dərman kimidi…
gül ki, mənim yorulmuş ruhum,
bəlkə gözlərinə baxıb kiridi…

11.05.2018

***

Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
Qarışıq yuxularım var,
çılğın səksəkələrim.
Yollarda ilişib qalan yorğun
baxışlarım var,
yerli-yersiz uşaqca ümidlərim.

Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
Dumanlı səhərlər var, yağışlı günlər
Şəhərin üstünü almış qara buludlar.
Fikirli başlayan mənasız günlər,
Birdə səni xəyal edən üzgün axşamlar.

2015

Çıxıb getmək var… bacarsan

Çıxıb getmək var bir də

Ətrin hopmuş bu şəhərdən.

Həsrətli baxışları

yığıb küncdən, bucaqdan

kimsəsiz döngələrdən.

Sıxmaq var susqunluğu

Dişlərində qəhərdən.

Çıxıb getmək var bir də

bu şəhərdən,

Gedə bilsən…

Çıxıb getmək var

səndən,

Sənə bağlı xatirələrdən.

Ömür dediyin uzun deyil,

Düşüncənin bir yerində

bütün  bağlar qırılır…

Yenidən sevmək üçün

gücü yetmir ürəyin

qopub səndən, özündən

yeni liman axtarsın…

Çıxıb getmək var,

amma

getməyin də növü var.

Unudulmaq itkidir,

Unutmaqsa intihar!

Çıxıb getmək var,

Çıxıb getmək… bacarsan.

2015-2018

Tənhalar

Kimsəsiz bir adadır,

Bu dünyada tənhalar.

Sağı-solu sevgidi.

Sevgiyə addım atmaq,

Tənhalığa ölümdü.

Mübarizə istəyir,

Yeni ömrə başlamaq.

Kimsəsiz bir adadır,

Bu dünyada tənhalar.

Sağı-solu sevgidi.

Sevgi bəzən qazancdır,

Sevgi bəzən itkidir…

Bu dünyada sevginin

Çoxluğu da qorxudu.

İnsan bəzən lap elə

Sevgidən də boğulur…

04.05.2018

Sən yağış deyilsən ki?!

Yenə yağış yağır,

Sən düşürsən yadıma.

“Necəsən, əzizim?

Bayırda deyilsən ki?!”

Yenə yağış yağır,

Bürünüb plaşıma,

Səni düşünürəm…

Görəsən, sənə soyuq deyil ki?

Yenə yağış yağır,

Yadıma, yaddaşıma.

Yağışdan qoxun gəlir,

Sən yağış deyilsən ki?!

06.06.2016

Nağıl

Nağıl kimi olacaq hər şey…

bu nağılın sonunda

göydən düşən üç alma
yenə sənin olacaq…

Mənsə namərd ipiylə,

Gözəl qızları əsir saxlayan

Divlərin quyusuna enəcəyəm.

bu müdhiş nağıllarda

bütün gözəl qızları divlər aparır…

Bu nağıl məhəbbətdə

ümidlərin canı şüşədə olur.

Mənə qalan bu nağıldan

saxlamağa çalışdığım bir şüşə ümid,

bir də

kəsilmiş kədərli iplər olacaq.

Yaxşı ki nağıllar insaflı olur,

bütün qaranlıqların sonu səhərdi.

Mən də bu nağılın “qurbanı” kimi,

Bir Simurq quşunu gözləyəcəyəm…

Üzülmə nağıl adamı,

sonu nə olur olsun

bu qorxulu nağılda

üç alma irəlisən…

13.07.2018

Tanrım

Yorğun ürəyimi də götürüb,

hüzuruna gəlmişəm, Tanrım…

o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,

bilirsənmi?!


bir kədərdən perikib

ürkmüş arzularımı toplayıb gətirmişəm…

görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm?


ümidlərim qalaqlanıb,

satın alan yoxdu,

əlimdə qalıb, Tanrım,

alırsanmı?

tükəndim, Tanrım,

görmürsənmi?!

tükəndim…

06.07.2018


***

Baxışlarım da səssizləşib bu aralar,

dinləyən olsa eşidər səsini

sızıldayan səssizliyin…


Mən bu gün yoxam.

uzun illərin ardından

itirdiyim özümə boylanıram.

kimdi o qız?!


Əlimdə qalan nədi,

nələri itirmişəm…

soyuq qış gecəsiyəm indi mən.


daha umidlərim inciməz,

neçəsini istəyirsiniz

sındırın, “adamlar”, sındırın.

donan hisslər üzündən

ağrını hiss etmirəm.

indi soyuq qış gecəsi,

ruhu itmiş biriyəmsə,

nə anlamı qalır ki,

nələri itirmişəm.

indi bu səssizlikdə

bir qurd ulayır içimdə,

bütün yoxluqları kəndir eləyib

tənha kədərindən asır özünü…

06.07.2018