10730926_708473925888118_1815156677351752954_n

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Xalqın azadlıq və mücahid şairi Xəlil Rza ULUTÜRK

(Sevimli Xalq şairimiz Xəli Rza Ulutürkü anarkən…)

Azərbaycan ədəbiyaytında azadlıq düşüncələrinin, müstəqillik ideyalarının yayılmasında, heç şübhəsiz ki, Sevimli Xalq şairimiz Xəlil Rza ULUTÜRKün özünəməxsus yeri və rolu vardır. Bir çox mətləblərə aydınlıq gətirilən zəngin bədii yaradıcılığı biz çağdaş oxucular, ədəbiyyatsevərlər, poeziya həvəskarları, sənət aşiqləri üçün çox önəmlidir. İstər əsərlərinin hər birinin ayrı-ayrılıqda tədqiq olunub, araşdırılması baxımından, istərsə də vətəndaşlıq nöqteyi-nəzərindən.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra xalqın azadlıq duyğu və düşüncələrinə qənim kəsilən SSRİ kimi böyük bir imperiyanın yürütdüyü daxili və xarici siyasət yetişməkdə olan yeni nəslin dünyagörüşünün tamamilə fərqli şəkildə dəyişilməsinə hesablanmışdı desək, heç də yanılmarıq. Bununla bağlı bir çox tarixi fatktların olması da istisna deyil.

Azadlıq düşüncəsinin, müstəqillik ideyalarının, Vətənpərvərlik, yurda, elə, obaya, torpağa bağlılıq hissinin düzgün aşılanmasını, təbii ki, böyük həyat təcrübəsinə malik olan şair Xəlil Rza Ulutürkün timsalında açıq-aşkar görmək mümkündür. Yaşanan olayları, başa gətirilən müsibətləri, faciələri xalqına, millətinə olduğu kimi çatdırmaq müəllifin üzərinə düşən ən şərəfli və şərəfli olduğu qədər də vacib, həll edilməsi mümkün olan bir missiya idi ki, müəllif də qadağalar baxmayaraq, öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə müəssər oldu. Şairin sənət meydanında dövrün bütün çətinliklərindən, sınaqlarından üzüağ çıxması isə təbii qarşılanmalıdı. Çünki  dünya görmüş sənətkar, şair Xəlil Rza Ulutürk tutduğu yolun çətinliyini də analyırdı. Və sözsüz ki, bu yolda sona qədər getməli olduğunu da bütün varlığı ilə dərk edirdi.

Müstəqilliyə gedən yolda Azərbaycan özünün əzmkarlığı, şücaəti ilə ilk günlərdən etibarən fərqlənməyə başladı. Mədəniyyət, ədəbiyyat, incəsənət öz inkişaf səviyyəsinə görə SSRİ ölkələrinin heç birindən geri qalmırdı. Ədəbiyyata yeni gələn qüvvələr yalnız bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənir, əksinə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini də doğma dilimizə tərcümə etməyə üstünlük verirdirlər. Bunun özü isə ayrı-ayrılıqda ədəbiyyata xidmət kimi qiymətləndirilməlidi. Gözlərimiz önündə hər dəfə üsyankar şeirləri ilə canlanan şair Xəlil Rza Ulutürkün bu sahədə əməyi danılmazdı.

Yeri gəlmişkən, görkəmli Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını fars dilindən dilimizə yüksək sənətkarlıqla tərcümə etmişdi.

Müasir Azərbaycan ədəbiyyatının, poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Sevimli Xalq şairimiz Xəlil Rza ULUTÜRKün Azərbaycançılıq ideologiyasının, məfkurəsinin təbliği yönündə qələm aldığı ən məşhur əsərlərindən biri də, heç şübhəsiz ki, “Qaytar mənim qüdrətimi, AZƏRBAYCAN!” şeiridir. Hər dəfə Vətənpərvərliklə bağlı yazdığı əsərlərinin hər birində xalqa, soykökə bağlılıq özünü açıq-aşkar göstərir. Hətta, adi danışığında belə. Xüsusilə də, salonlarda, meydanlarda səsləndirdiyi alovlu nitqi.

Yalnız şeirlərində deyil, hətta həyatın özündə belə müəllifin fəryad çəkməsi, nalə qoparması oxucunun diqqətindən bir an da olsun belə yayınmır.

90-cı illər ədəbiyyatının ab-havası ilə ərsəyə gələn həmin şeir üsyankarlıq ruhunun olması ilə dərhal diqqəti cəlb edir. Uzun müddət oxucunun yaddaşında, hafizəsində qalır. Gəlin unutmayaq ki, sovet hakimiyyəti dönəmində əbəs yerə Lefortovo zindanına düşən və ömrünnün müəyyən bir hissəsi orada keçirməyə məcbur olan şair Xəlil Rza ULUTÜRK azadlıq mübarizəsinin orada da uğurla davam etdirmiş, bir-birinin ardınca məzmun-forma, ifadə etdiyi dolğun məna baxımından bədii cəhətdən daha güclü və fərqli əsərlər yazmasına səbəb olmuşdur. Məhz 2006-cı ildə “Lefortovo zindanında” adlı yeni kitabı işıq üzü görmüşdü.

Tarixi fakt budur ki, Türk dünyasının böyük şairi Xəli Rza Ulutürk Lefortovo zindanına salınmasına, təqiblərə məruz qalmasına baxmayaraq, tutduğu Haqq yoldan, məsləkindən üz döndərməyib və bunu heç ağlına belə gətirməyib. Çünki müəllif 80-90-cı illər ədəbiyyatının ən gözəl nümunələrini qələmə almaqla kifayətlənməmiş, tarixin çətin sınaqları ilə üz-üzə qalan Odlar yurdu (müəllifin özü isə “Odər yurdu” deyərdi) Azərbaycanın düşdüyü bu çətin, çətin olduğu qədər də şərəfli bir yolda büdrəməməsini gözləri ilə görmüş, tezliklə haqqın-ədalətin bərpa olunacağına ümid bağlamış, nəhayət, bağlıdığı ümid isə puça çıxmadı. Qısa zaman kəsiyində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. SSRİ-nin hakimiyyətinə birdəfəlik son qoyuldu. Ölkənin başının üstünü almış qara buludlar çəkildi. Yeni həyat öz axarı ilə davam etməyə başladı. Bir sözlə, şair Xəli Rza Ulutürkün uzun illərdir ki, gözlədiyi o sevincli gün gəlib çıxdı. Yəni, haqq-ədalət bərpa olundu.

Ustad sənətkar, şair Xəlil Rza Ulutürkü bir çox spesifik xüsusiyyətlərinə görə orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Anadilli fəlsəfi qəzəlin yaradıcısı, mütəffəkkir-şair Seyid Əli İmadəddin Nəsimi ilə müqayisə etmək mümkündür. Hər iki müəllifin zəngin yaradıcılığında rast gəldiyimiz əsərlərin bir çoxunun mövzu baxımından eyni olduğuna, sözün düzü, heç şübhəmiz də yoxdur!

Ümumiyyətlə, xalqına, millətinə bağlı olan şair Xəlil Rza Ulutürkün zəngin bədii yaradıcılığında yalnız Azərbaycan ilə bağlı əsərlərə üstünlük verilməsini söyləmək doğru olmazdı. Çünki həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacaran müəllifin-Ustad şairin Türkçülük ideyalarının təbliğ olunması ilə birbaşa bağlı olan onlarla, bəlkə də, yüzlərlə əsəri vardır. Həmin əsərlər müxtəlif illərdə müəllifin yeni işıq üzü görən kitablarında dəfələrlə nəşr olunmuş, oxucu auditoriyasının nəzərinə çatdırılmışdır.

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı şəhəri. 16-18 fevral 2021-ci il.