Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –
Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, –
Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, –
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, –
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

Iş rəncbərin, güc öküzün, yer özününkü, –
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, –
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, –
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımiz iş bacarırkən, –
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, –
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, –
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..