Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Tamaşaçılar tamaşa boyu rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışlarının şahidi olacaqlar.

Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub. Əsər Tiflisdə yaşayan Xanuma adlı bir ara düzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də öz şəxsi işlərini də unutmayıb, sonda öz sevgisinə qovuşur. Onun bacarmadığı iş yoxdur. “Xanuma” əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını xüsusi incəliklə vəsf edib. Xanuma oxuyur, oynayır, istənilən problemin həlli onun üçün çətinlik yaratmır. Bu onun həyat tərzidir.

Mənbə: https://azertag.az