Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, şair, yazıçı-publisist Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə  “Kişi əlləri” miniatürünü təqdim etdi.

Müəllif qılınc vuran, qalxan tutan, ox atan, zəhmətkeş, qabarlı, güclü, yenilməz, bəzən ana əlləri qədər zərif, doğma, bəzən də kövrək, titrək kişi əllərini vəsf edir.

Gülarə Munis

Kişi əlləri

(Miniatür)

Ağlımız kəsəndən bədii kitablarda ana əlləri, qadın əlləri barədə müxtəlif yazılarla qarşılaşmışıq. Amma etiraf edək ki, kişi əlləri barədə qələmə alınan yazılara o qədər də rast gəlməmişik.

Kişi əlləri…

Güclü, təpərli kişi əlləri…

Bəzi mərdanə kişilər barədə belə deyirlər: “Filankəsin qolunda Fərhad gücü var, o, dağı yerindən oynada bilər!”

O dağı yerindən oynatmağa qüdrəti çatan kişi əlləri ömür-gün yoldaşını itirəndən sonra heç kim görməsin deyə gecələr övladlarının paltarlarını da yuyur, anasız qalan övladının beşiyini də yellədir. Övladının saçlarını sığallayıb onu yuxuya verir. 

Kişi əlləri…

Vətənə gəc baxan düşmən görəndə o qüvvətli kişi əlləri silahdan yapışır. Bəzən düşməni yalın əlləri ilə boğub məhv edir. Qılınc vuran, qalxan tutan, ox atan kişi əlləri…

Yaşa dolanda qabarlı, titrək, qırışlı kişi əlləri…

Evlər-imarətlər tikən, bağ-bağat salan, qohumların, dostların xeyir-şərində qollarını çirmələyib dada yetən kişi əlləri…

Qocalanda əl ağacını zorla tutan kişi əlləri…

Hanı sizin qolunuzun qüvvəti? Niyə zaman sizə qarşı belə amansız olur?

Niyə?

Kişi əlləri…