Azərbaycan Rəssamlar İttifaqının üzvü
Səhv
Hamının səhvini bağışlayıram,
Mən özüm çox şeyi məhv etdiyimçün.
Əgər bu dünyaya bir də gəlseydim
Yenə səhv edərdim, səhv etdiyimçün.
Çoxunun üzünə tüpürdü dünya,
Mənə tüpürcəyi çata bilmədi.
İffəti, namusu süpürdü dünya,
Mənə dişləriylə bata bilmədi.
Hər bir şirin meyvə, gül həyatını
Kökündə iylənən peyindən alır.
İnsan ağılsızdır, çünki ağlını
Hər sözə inanan gedən beyindən alır.
Bəlkə yeni qitə kəşf etməmişəm,
Bəlkə də bilirsiz dediklərimi.
Məni öldürməyə çalışsanız da,
Siz Allah, qoruyun sevdiklərimi.
23.09.2023
Saqqız
Saqqız qurtaranda qır işə gəlir,
Yenə də bir şeydir, bir dişə gəlir.
Yeni bir iş çıxıb, bir peşə gəlir
Məni kürəyimdən vuranlar üçün.
Məndən danışırlar, bir də padşahdan,
Nağıldan başlayan keçir dastandan.
Hər gün mövzu çıxır mən qəribandan,
Məni kürəyimdən vuranlar üçün.
Guya ki, vicdanı paslatmışam mən,
Yeni gündəmləri partlaşmışam mən.
Bir sözlə, əhv etmə başlatmışam mən,
Məni kürəyimdən vuranlar üçün.
Ağ hərflər
Hansı məkanda yaşayırsan sən,
Hansı şəhərdə?
Hansı yolda, hansı döngədə,
Hansı küçədə?
Kim hördü ki bu divarı aramızda,
Kim suvadı, kim boyadı
Qara rənglə?
Üstünə kim yazdı ki əlvida sözünü
Ağ hərflərlə?
Kim batdı ki bu günaha,
Kim qaldırdı
Dünyanın ən ağır yükünü?
Kim dinlədi ürəyimi
Kim bildi ki dərdi nədi?
Kim tutdu ki əllərimi
Dərd gələndə?
Kim sildi ki göz yaşımı
Mən güləndə?
Hansı zamanda yaşayırsan sən,
Hansı ildə,
Hansı ayda, hansı gündə,
Saat neçədə?
Kim hördü ki bu divarı aramızda,
Kim suvadı, kim boyadı
Qara rənglə?
Üstünə kim yazdı ki əlvida sözünü
Ağ hərflərlə?
Mənim ol
Güllü çəmənləri toxusun xalı,
Daşsın bulaqları, şan tutsun balı.
Qoy ellərin olsun dünyanın malı,
Təki sən mənim ol.
Qılmanlar, rizvanlar cənnətdən gəlsə,
Səndən göyçək olmaz al-ziba geysə.
Ölmərəm əllərim əlinə dəysə,
Təki sən mənim ol.
Gecələr uyğumsan, günüdüz xəyalım,
Qaşında ilişib qalıbdır ağlım.
Üzü mələk kimi, ürəyi zalım,
Təki sən mənim ol.
İnanma kimsənin fitnə-felinə,
Ölərəm dən düşsə bircə telinə.
Çevirrəm dünyanı atəş yerinə,
Təki sən mənim ol.