
Daş atıb sakit gölümə,
Gəl hürkütmə xatirəmi.
Guya acıyıb külümə,
Oyatma mürgülü qəmi.
Əvvəlki kimi can alan
Sözün qəlbimi oxşamır.
Gözüm önündə canlanan
Əksin də sənə oxşamır.
Kürəyini söykədiyin
Yad sinəsi dərdə əziz.
Gözündə gül açan səyin
Son sözünün məğzi qəliz.
Boşalıb sevda yuvası,
Hissi didərgin bülbülün.
Sovurur həsrət havası,
Gözə üfürdüyün külü.
Daş atma qədər daşına,
Daş könlünün dayəsidir.
Məni qəlbinə daşıma,
Hər kəlməm qəm qayəsidir.
Baş Sarıtel havasında,
Qəm duyğulu sarı teləm.
Yad hissin dərd yuvasında,
Çətinki özümə gələm.
Qəlbimin göz toxluğunda,
Dərd boşluğun məngənəsi.
Yol arama yoxluğumda,
Ay könlümün birdənəsi!
Bir cavab yazın