10304351_268609333324646_7910328543693681828_n

Azərbaycan Yazıçılr və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqadüçüsü

***

Beş deyil, on deyil, min kilodu eşq,
Ürək necə çəksin, dayağı yoxdu.
Nədən qınayırsan bu çılpaq ruhu,
Görmürsən çolaqdı – ayağı yoxdu?!

Elə bil doqqaza ipək səriblər; –
Hər qoyun köçündən yun qalıb burda.
Yeməli deyil ki, qəmdən dadasan,
Qorxma, bir kündəlik un qalıb burda.

Bir az rəng dağılıb masanın üstə,
Qoy Şərnən Xeyirin davasın çəkim.
Dünəndən arxamca iki göz baxır,
Fikrim kürt düşmür ki, havasın çəkim.

***

Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.

Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.

Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.

***

Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.

Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.

Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl.