sefa1-450x300

Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…

Dəyişik sal o ünvanı,
Başqa qapını silkələ…
O ağlayaraq oxuyar,
Başqaları gülə-gülə…

Qaytar geri günahımı,
Savabın da qoy bu olsun…
Girmə mənim günahıma,
Qıyma ki, gözləri dolsun..
.
Qaytar geri məktubumu…
Gəldiyi ünvana göndər…
Vallah, ağladacaq onu,
Titrəyəcək açan əllər…

Hirsini sənə tökəcək…
Ayrılıqdan yaman qorxar…
Ümid evini sökəcək,
Çətin bir də təzdən qurar…

Qaytar, poçtalyon, qaytar,
Vallah, mən də ağlayacam…
Ona doğru gedən yollar
Bu məktubla bağlanacaq…

Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…