cinareomray

Sizə “Eşq haqqı” adlı bir rəngli kəpənəkdən danışmaq istəyirəm. Biz Günayla lap əvvəldən tanış idik. Sonra qismət elə gətirdi ki, biz həm də qrup yoldaşı olduq. Mənim hər zaman insanlarda bir şey diqqətimi çəkib. Çox zaman insanların adlarıyla xarakterləri və ya yaşam tərzləri bir-bri ilə vəhdət təşkil edir. Hansısa bir oxşarlıq mütləq olur. Mən bunu Günayda da müşahidə eləmişəm. Günayın adı iki adın birləşməsindən əmələ gələn mürəkkəb bir addır. “Gün” və “Ay” . Maraqlısı ondadır ki, Günay bunların hər ikisini özündə əks etdirir. Məsələn: onun daxili Gün kimi işıqlıdı, şəfafdı, o istiliyi verə bilir qarşı tərəfə. Istər münasibətdə, istərsə də ünsiyyətdə. Ay kimi gözəldir, cazibədardır. Və bir də bildiyimiz kimi ayın görünmüyən tərəfi var. Yəni sirrli tərəfi. Bu gün Günayın EŞQ HAQQI adlı kitabı əlimdədi və düşünürəm ki, kitab həmin Ayın məhz o görünməyən tərəfidi. Kitabı götürüb sakit bir yerə çəkildim oxumaq üçün. Və oxudum. Yox, yox oxumadım, onunla söhbət etdim. Bilirsiz, bəzi kitablar var ki, onları oxuyursan, bəzi kitablar da var ki, onlarla söhbət edirsən. Mən Günayın kitabı ilə söhbət etdim. Təbii ki, söhbət əsnasında ayın görünməyən tərəflərini mənə açmağa çalışdı kitab dostum. Mənə bir qadın ruhunun narahatlığından danışdı, bir bakirə qız sevgidən söbət açdı, əsl vətən sevgisindən danışdı, bir qadının dünyaya hayqırışından bəhs etdi, bir ana qayğısından, bir ana nəvazişindən söz saldı kitab dostum. Bir də illərin arxasından boylanan, bəlkə də artıq daşlaşmış bir qadın kədərindən danışdı…

Elə gözəl danışırdı ki, doyumsuz.. bir anlıq həmsöhbətim kitab cildindən çıxıb gözəl, rəngli, zərif, əlvan bir kəpənəyə dönüşdü . və məni öz qanadlarına alıb olduğumuz yerdən apardı taa uzaqlara. Ot basmış yollarla, bəlkə də doğmalarımın ruhunun ziyarətgahına cevrilmiş o keçmişə apardı… Bir sözlə zövq aldım həm bu söhbətdən, həm də ruhumun bu kəpənəyin qanadlarında keçmişə ziyarətindən. Bilirsiz, düşünürəmki hansısa bir şair, yazıçı əlinə qələm alıb kitab və yaxud da şeir, hekayə fərqi yoxdu, nəysə yazmağa başlayanda ilk olaraq istəyi o olur ki, yazıb ortaya çıxaracağı hər nə olacaqsa o, oxucunu öz dalınca apara bilsin. Və bu Günayda çox gözəl alınıb. Yəni o bunu bacarıb. Günaya uğurlar arzu edirəm və əminəm ki, dünyada ən uzun ömürlü kəpənək kimi ad qazanacaq bu “Eşq Haqqı” kəpənəyi. Birdə çox istərdim ki, o kəpənəyi məhv edib Eşqin haqqına
girməsin. Uğurların bol olsun GÜNAY!!!