Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
***
Sosial peyzaj
Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
…Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da…
…Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini Allahdan aralayırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir…
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
…Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri..