t

Payızı, qışı xoş gəlir,
Yolu eniş, yoxuş gəlir.
Ömür mənə tanış gəlir,
Mən bu ömrü yaşamışam.

Bu dünyanın saz vaxtıydı,
Türkün basılmaz vaxtıydı.
Vaxtıydı, ya bivaxtıydı,
Mən bu ömrü yaşamışam.

Yadıma düşür gör nələr,
Qan içində qərinələr.
Qorqud yaşayan sənələr
Mən bu ömrü yaşamışam.

Türkün təkiydi Tanrısı,
Vətən – dünyanın yarısı.
Yadımdan çıxıb sonrası,
Mən bu ömrü yaşamışam.

Qəfil bir gün gözə gəldim,
Dərdnən dolub sözə gəldim.
Ölüb bir də təzə gəldim,
Mən bu ömrü yaşamışam.