Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
***
Yenə hava soyuyub, buz bağlayıb yol-iriz,
Yenə qayğı bürüyüb çat-çat olmuş üzləri.
Külək elə ulayır, elə bil ki, ac qurddu,
Duman az-az yox edir ot biçdiyim düzləri.
Gözümü qamaşdırır yalın-yamacın əyni,
Nə ovçu gözə dəymir, nə ov yoxdu bərədə.
Bir qaraltı görünür ağ dumanın içində,
Kimsə atın axtarır qarşıdakı dərədə.
Üç gündür ki, yalqızam, baş qatmalı iş də yox,
Anam şəhərə gedib bacısını yoxlasın.
Xəyalımı dağıdır qapının tıqqıltısı,
Qonşu qızdı, gəlib ki, ürəyimi oxlasın.
Ağacların əynində yarpaq qoymub külək də,
Ov eşqinə düşmüsən, canım, göllər düm ağdı.
…Bənövşə ətri gəldi qarşımdakı gözəldən,
Elə bildim yaz gəlib, baxdım, çöllər düm ağdı.
6 yanvar 2000
* * *
Şirəsi adamı «udur»,
Əcəlmi pətəyin? Götür!
Kölgəni geri vermişəm,
Al, bu da ətəyin, götür.
Gecənin qaralığı çox,
Dua ismarlamaq çətin.
Bədənə əl sürtmək olur,
Ruhu mismarlamaq çətin.
Söz alıb dəhşət satırsan,
De görüm, bazarın var, qız?
Mənim olmadığım yerdə,
Sənin nə azarın var, qız?