Dünən ayrılmağa gəldik görüşə,
Dilimiz bilmədi nədən danışa…
Dünən gözlərimdə elə islandın,
Bəlkə düşməmişdin elə yağışa.
Elə bil ilk dəfə tanış olurduq,
Həmin gün necə də çevrildik yada.
İzimə boylanan baxışların da
Getdiyim yollara oldu piyada.
Dünən ayrılmağa gəldik görüşə,
Yollar da itmişdi gözdəki çəndə.
İlk görüş yerində verdiyim qəlbi
Son görüş yerində unutdum səndə…