e

ADAM

Sənlə söhbətimə giriş verməyə,
Mənə qənd gərəkdi,sənə duz,adam.
De,mənim dərdimə əriyərsənmi?
Ey şaxta fikirli,hissi buz adam!

Gözündən yağan şit baxış qorxulu,
Gizlin fikirlərin yarıyuxulu.
Çölün yaz ətirli,bahar qoxulu,
İçində soluxub son payız, adam!

Xəcalət çəkməyir cibin əlindən,
Kef elə kəlməsi düşmür dilindən.
Məntək yorulmadın arzu selindən,
Sənlə nə danışım,ey ucuz adam?!

Baxsam dünəninə dünənin sönük,
Arxanda qoyduğun günlərə çönük.
Üzün sabahına arxana dönük,
Belə addımlama,hey,quduz adam!

Zaman ucaldıbdı tox alçalmışı,
Yoxa da hə deyib,çox əl çalmışı.
Azmı gördün varkən yox ucalmışı,
Duzdan qayıdanda söylə duz adam!

* * *

Yerləri yandırır ahlar,
Göy su yağacaq bu oda.
Yer-yer cızz edib öləcək,
Tanrını sıxacaq o da.

Canım ruhumda bir kabab,
Ah od qalayıb yox hesab,
Bu ömür bir qədəh şərab,
Dağıtsan axacaq o da.

Bətnimdə sözüm hamilə,
İzində gözüm hamilə.
Əyriyə düzüm hamilə,
O doğsa,doğacaq o da.

Qaldırın yerə düşəni,
İçimdə içim üşənir.
Yollara həsrət döşənir,
Sonuma çıxacaq o da

Qəlbimdə çatdı tonqalı,
Hicrin doğradı vüsalı,
Ay Elnur, bir el misalı,
Baxıbsan,baxacaq o da