11650883_963572620361161_53634984_n

ONUN QÜDRƏTİDİR

Zərif tut yarpağın atlas eyləyən,
Onun qüdrətidir, onun qüdrəti.
Dəryada balığa üzmək öyrədən,
Onun qüdrətidir, onun qüdrəti.

Susuz çöl, çəmənə yağmur göndərən,
Ay, günəş yoluyla işıq göndərən,
Kiçik bir toxumu çinar eyləyən,
Onun qüdrətidir, onun qüdrəti.

Meyvəyə dad verən, ətirlər verən,
Nazik bir budaqda üzüm, nar verən,
Sonsuz nemət verən, bərəkət verən,
Onun qüdrətidir, onun qüdrəti.

Alimlər heyrandır onun elminə,
Bağbanlar məftundur onun sehrinə,
Düşünməyi verən insan beyninə,
Onun qüdrətidir, onun qüdrəti.

Can verib yaşadır hər bir canlını,
Ariflər məth edir onun sanını,
Hər yerdə görürük onun şanını,
Onun qüdrətidir, onun qüdrəti.

Mükəmməl biçimdə verib surəti,
Saymaqla tükənməz onun neməti,
Gəl danma heç zaman bu həqiqəti,
Onun qüdrətidir, onun qüdrəti.

Təsadüf var etməz nizam,-intizam,
Sahibsiz deyildir bu böyük cahan,
Aytənə, şeirlər odur yazdıran,
Onun qüdrətidir, onun qüdrəti.

SƏNİ KİMDƏN SORUŞUM?

Əllərin yerinə qələm tuturam,
Könlümü danlayıb sitəm tuturam,
Gözümün yaşını çətin tuturam,
Çıxıb, sən gedəli başımdan huşum.
Səni kimdən soruşum?

Şeirlər yazıram, misrası kədər,
İçində nöqtələr, vergüllər qəhər,
Sənsiz bağ-bağçamda olmadı bəhər,
Mən necə sevinim, mən necə coşum?
Səni kimdən soruşum?

Gəlsən yüyürərəm, gələn yollara,
Uşaq tək qaçaram, gəlsən yollara,
Oturub ağladım itən yollara,
Yolub qanadını bu tale quşum.
Səni kimdən soruşum?

Günəşdən soruşdum, görmədim dedi,
Küləkdən soruşdum, görmədim dedi,
Dənizdən soruşdum, görmədim dedi,
Ayrılıq çəkməkdən gəlmir hec xoşum.
Səni kimdən soruşum?
Səni kimdən soruşum?!.