tt

Nə qədər olsa da üzsüz dünyada,
Gəldi yaşamağa üzüm, yaşadım.
Heç vaxt əyilmədim yaxına, yada,
Tapdim ürəyimde dözüm, yaşadım.

Həyat çox qəddardır, yaşamaq ağır,
Yenə ömr elədim mən fağır-fağır,
Özümə açsam da yeni bir cığır,
Silindi yollardan izim, yaşadım.

Əl tutdum kim oldu çətində, darda,
Adımla ucaldım olsam da harda,
İnsanı dəyişən dövlətdə, varda,
Hec zaman olmadı gözüm, yaşadım.

Dünyanın dərdiylə alışdım, yandım,
Yalana, gerçəyə hər vaxt inandım,
Tüstüyə çevrilib göydə dolandım,
Qaldı torpaq üstə közüm, yaşadım.

Fələk qəm-qüssəyə çox atdı məni,
Qələmim var olsun, ucaltdı məni,
İlkinəm, şeirlər yaşatdı məni,
Dillərdən düşmədi sözüm, yaşadım.