tt

Bu külək hayandan əsdi, İlahi

Qəflətən çökdürdü nura zülməti,
Saldı aramıza acı həsrəti,
Məhv etdi saf eşqi, pak məhəbbəti,
Bu külək hayandan əsdi, İlahi?!

Bacara bilmədim qəm rüzgarıyla,
Əsdi aramızdan ahu-zarıyla,
Gəldi qəmli, çiskin yağışlarıyla,
Bu külək hayandan əsdi, İlahi?!

Yıxdı sarayımı taxtımdan əvvəl,
Bəlkə yaranmışdı baxtımdan əvvəl?!
Öldürdü eşqimi vaxtından əvvəl,
Bu külək hayandan əsdi, İlahi?!

Puç etdi arzumu, diləyimi o,
Apardı ömrümə bəzəyimi o,
Qırdı eşqlə vuran ürəyimi o,
Bu külək hayandan əsdi, İlahi?!

O güclü sərtliyi sinəmi dəldi,
Sevən bir ürəyi ikiyə böldü,
Çovğunla, boranla, qar ilə gəldi,
Bu külək hayandan əsdi, İlahi?!

Ömrümə ömürlük qəmi gətirdi,
Yarımı əlimdən aldı, götürdü,
Ömrümü yarıda kəsdi, bitirdi,
Bu külək hayandan əsdi, İlahi?!…

19-10-2015 / 00:51

***

Artıq bu sevdanın ocağı sönüb,
Düşünmə alışar haçansa yenə.
Daha bir cüt gözüm ulduza dönüb,
Göylərdən nifrətlə baxacaq sənə.

İndi ümmanlara bənzər göz yaşım,
Süzülür nakam bir eşqin yolunda.
Tamam pozulubdur fikrim, yaddaşım,
Axı necə yandım sənin odunda?

Mən səni sevərkən elə düşündüm,
Bu sevgi yolunda yanmağa dəyər.
Sən demə dəyməzmiş, tənha qalanda,
Yandım külə döndüm Kərəmdən betər.

Bulud da ağladı çəkdiyim dərdə,
Yağdırdı üstümə qəm yağışını.
Vüsalın həsrətə döndüyü yerdə,
Əlinlə sildin bu eşq naxışını.

Bir vaxt hərşeyindi quru ürəyim,
Niyə qırdın onu? Nəydi günahı?
Mənim taleyimi yazan mələyin,
Nə yaman pis xətti varmış, İlahi.