1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

Yağış yağır damcı-damcı,
Ürəklərə qəm ələnir,
Acı-acı.
Qara kədərə bürünən
Göy Xəzərə,
Nələr deyir yağan yağış,
Damlaları naxış-naxış…
Amma, mənə elə gəlir,
Bu yağan heç yağış deyil.
Səma adlı bir gözəlin,
O mənalı gözlərindən axan yaşdı.
İtirdiyi sevgisinə sadiq qalıb,
Saxladığı qara yasdı.
Görən hara getdi günəş?
Dəryalarda itdi günəş,
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı
İsti, qaynar, həzin sevgi dünyasına?!.
Görən səma dözəcəkmi
Günəşinə qovuşmaqçın?
Yoxsa, elə sübhə kimi ağlayacaq?!
Ağlayacaq həzin-həzin,
Kövrək-kövrək,
Ürəyini dağlayacaq…
Dalğalar dilə gəldilər,
Dedilər ki,
Bu nisgilli, incə qəlbli səmamıza,
Ürəyini ağrıtmasın,
Göydən leysan yağdırmasın.
Zaman gələr, vaxt yetişər,
Yəqin, sənin də haqqın var,
Bir səhər günəşin gələr.
Ağlamaqdan solan çöhrən,
Bir gün gülər!!
…Arzum budur, bir kimsənin,
Səmasından al günəşi itməsin,
Qəlbində həsrət kölgəsi bitməsin!!