Bizim görüşümüz imkansız, uzaq,
Düyünə düşübdür bu pak eşqimiz.
İndi qaranlığa çevrilib otaq,
Təkcə yuxulardı görüş yerimiz.
Bu gecə yuxuma gəlmişdin qonaq,
Qəlbimi gözünlə naxışlayırdın.
Yenə də xətrinə dəyirdim sənin,
Yenə də sən məni bağışlayırdın.
Baxdım gözlərinə dəqiqələrcə,
Gözlərin daldırdı röyaya məni.
Doqquz ay bətnində daşıyan anam,
Səninçün gətirib dünyaya məni.
Düşündüm ömürdən ötüb keçəni,
Dikdim uzaqlara qəmli gözümü.
Gah hesab elədim suçlu gecəni,
Gah da ki qınadım özüm-özümü.
Yaman doluxmuşdum buludlar təki,
Bir sevgi dilədim yalnızca səndən.
Verərdim canımı qurban, yetər ki,
Yenidən qovuşsun bu yol, yenidən.
Daha bir gördüyüm sən adlı yuxu,
Zaman yel tək keçir, saatlar ötür.
Gözlərin gözümdən itməsin deyə,
Yatıb oyanmaram inan, bir ömür.