QIRAJAM SİZİ…
Bu nə mitinq balam, bu nə şücaət?
Qorxuram dövləti edəsiz qarət,
Gərək ki, biləsiz bu bizim adət.
Belə getsə artıq, qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!…
Bu nəyin hesabı, nəyin üsyanı?
Bizlərin var sizə böyük gümanı,
Siz də ki, bu yolnan tutduz hər yanı,
Deyəsən bu yolda qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!
İnternet ay balam, elm,savaddı,
Mitinqi yazırsız, pis təbliğatdı.
Olimpiada var, başçıya yaddı,
Başçının yolunda qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!
Yerimiz bərkiyib, cibimiz dolu,
Yatmışıq, görmürük vuracaq qolu,
Məsləhət qul olun, yox başqa yolu,
Yoxsa öz yoluzda qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!
Qara bazarında fəhlə deyinir,
Maaşı az olan alim deyinir,
“Varlığa nə darlıq ” deyən deyinir,
Yoxluğun içində qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!
Dolana bilmirsən? Fəhləmiz azdı,
Bazar hesabında elmimiz azdı,
Başa düş müəllimə, büdcəmiz azdı,
Əməl eyləməsəz qırajam sizi!
Bir-bir qan uddurub tutajam sizi!
Əksilmiş ömrünün şotu mənlikdir
Danışma ay bala, dilin kəsilər,
Sakit həyatında bəla hərlənər,
Gözlərin bərələr, ömrün əksilər,
Əksilmiş ömrünün şotu mənlikdir.
Ayıq olsan belə kor olmalısan,
Eşidib, sonra da lal olmalısan,
Yaşamaq uğrunda lal olamlısan,
Lal olan dillərin şotu mənlikdir.
Qatil olmasan da yata bilərsən,
Oğrusuz oğru da ola bilərsən,
Pulsuz hər adı da ala bilərsən,
Aldığın hər adın şotu mənlikdir.
Nisyə dəftərlləri tamam dolubdur,
Satanlar alana minnət olubdur,
Vallah vampirlər də nağıl olubdur,
İndiki vampirin şotu mənlikdir.
Neft adlı bitməyən sərvətimiz var,
Dünya miqyasında hörmətimiz var,
Qara camaatın ah-naləsi var,
Çəkilən hər ahın şotu mənlikdir.
Hələ məhbusların sayı artacaq,
Doğmalar yadlaşıb, yadlar yanacaq,
Çoxunun gözündə qorxu olacaq,
Qorxan o gözlərin şotu mənlikdir.
Beləcə məhv olar müqəddəs hisslər,
Bir-bir xəyal olar tükənən düşlər,
Ruhda da birləşməz ayrılan eşqlər,
Ayrılan eşqlərin şotu mənlikdir.
Neftin idxalının mənə nə xeyri?
Mal gəlir dollarla, yoxdur dəyəri,
Kaş hər bir zülmün də olsa qədəri,
Qədərsiz nəfsin də şotu mənlikdir…