– Sən burda neynirsən, ə? – Rəflərə ərzaq məhsulları düzən dükançı geri çönəndə piştaxtanın qabağında dayanmış uşağı görüb soruşdu. Onun nə zaman içəri girdiyindən xəbər tutmamışdı.
– Şəkər almağa gəlmişəm, – uşaq yavaşca mızıldadı.
– Pesok?
– Anam, şəkər, dedi.
Dükançı dəqiqləşdirmək üçün yan tərəfdəki ağzıaçıq şəkər kisəsini göstərib soruşdu:
– Bunnan? Şəkər tozu?
– Hə, – uşaq təsdiqlədi.
– Nə qədər?
– Üç kilo.
Dükançı tərəzidə şəkər çəkə-çəkə uşaqla sual-cavabını davam etdirdi:
– Kimin oğlusan?
– Ramizin.
– Artist Ramizin?
– Hı…
Dükançı qəsəbənin özündəndi. Nəinki məhəllədəkilərin, qəsəbədəkilərin də yeddi arxa dönənini tanıyırdı.
– Genə artistlik eləyir? – Uşaq cavab verməyə ehtiyac duymadı. Bilə-bilə soruşduğunu yaxşı bilirdi. – Yekə kişi iş tapıb özünə…
Atası haqqında deyilənlərdən narazı qalan uşaq bu dəfə də dillənmədi. Ona böyüyün üzünə ağ olmamağı öyrətmişdilər.
Dükançı ağzını düydüyü sellofan şəkər torbasını uşağa verməmişdən əvvəl soruşdu:
– Anan pulunu göndərib?
– Ala, – uşaq başını tərpədərək əlindəki kağız pulu ona sarı uzatdı.
Dükançı üç kiloqram şəkərin haqqını şifahi hesablayıb həmin puldan çıxdı, qalığını qaytardı. Birdən nəsə xatırlayıb:
– Dayan görüm, ə, – dedi. – Dükana borcunuz var?
– Yox.
Dükançı inanmadı. Haçan ödədiklərini unutmuşdu. Rəfdən götürdüyü “borc dəftəri”ni vərəqlədi, uşağın atasının adını axtardı.
Uşaq bu müddətdə əlindəki pulu saymağa başladı. Onun hesablamasıyla dükançının qaytardığı pulun qalığı nə az, nə çox, düz otuz qəpik artıq gəldi.
Dükançı, nəhayət, dəftərdə axtardığını tapdı. Uşağın atasının adının üstündən qalın bir xətt çəkilmişdi. Dəftəri örtüb:
– Gedə bilərsən, – dedi.
Uşaq oğurluq üstündə yaxalanmış adam kimi diksindi. Ovcundakı pulları gizlədib cəld qapıya cumdu. Tələsdiyindən ayağı nəyəsə ilişdi. Az qaldı yıxılsın. Şəkərlə dolu sellofan torbanı dükanın qapısına dayaq verərək özünü birtəhər düzəldib bayıra atıldı.
Xeyli aralanandan sonra çönüb hürkək-hürkək arxaya boylandı. Dükançının pulu səhv qaytardığını duyub dalınca gələcəyindən narahatdı. Gəlmədiyini görüb
ovcundakı pulları bir də saydı. Otuz qəpik artıqdı.
Bu, oğurluq kimi bir şeydi. İlk dəfəydi başına belə bir iş gəlirdi. Pulu qaytarmaq lazımdı. Dükançıya dərs olardı! Yekə kişi haqq-hesabını apara bilmir, hələ bir onun atasını bəyənmir, lağ eləyir!
Amma dükançının həqarəti onu tezcə də fikrindən daşındırdı. Atası haqqında dediyi sözlər qəlbinə bərk toxunmuşdu. Atası kukla teatrının aktyoruydu. Onunla fəxr edirdi. Çox da maaşı azdı. Ailəsini güclə dolandırırdı.
Keçən həftə onları məktəbdən şəhərə, atasının oynadığı tamaşaya baxmağa aparmışdılar. Tamaşanın axırında Təpəgözü öldürən atasını uşaqlarla bərabər müəllimlərin də ayaqüstə necə alqışladıqlarını görmək lazımdı! Sinif yoldaşları atasına görə ona qibtə ilə baxırdılar!
Gərək şəkəri heç o dükançıdan almayaydı. Anası ora göndərsə də, qonşu məhəllədəki dükana gedəydi.
Məhəllələrində iki ərzaq dükanı vardı. Biri məhəllənin baş tərəfindəydi, o biri ayaq tərəfində. Baş tərəfdəkinə xeyli borcluydular. Anasının verdiyi pul o borcu ödəməyə, üstəlik üç kiloqram şəkər almağa çatmazdı. Bu dükana borclarını keçən ay üzmüşdülər. Deməsə də, uşaq anasının borclardan yana utanıb dükana çox vaxt onu göndərdiyini başa düşürdü. Balaca deyildi. Dördüncü sinifdə oxuyurdu.
Anası hər dəfə dükandan qayıdanda məktəbdə xərcləmək üçün ona on qəpik verirdi. Onları xərcləmir, yığıb saxlayırdı. “Azərbaycan nağılları” kitabını alacaqdı. Müəllimindən o kitabda maraqlı nağıllar olduğunu eşitmişdi. Dükançının artıq qaytardığı otuz qəpik göydəndüşmə bir fürsətdi. Onun üstünə anasının verəcəyi budəfəki on qəpiyi də gələndə qırx qəpik edəcəkdi. Haçandan bəri arzuladığı nağıllar kitabını almağa da elə məhz qırx qəpiyi çatmırdı.
Darvazalarına yaxınlaşanda ovcundakı pulları bir də saydı. Şübhə yoxdu, otuz qəpik artıqdı. Onu ayırıb gödəkçəsinin cibində gizlətdi. Anası bilsə, dirənəcəkdi ki, apar qaytar. Ancaq uşaq daha həmin pulu dükançıya qaytarmaq fikrində deyildi.
Onu darvazanın ağzında anası qarşıladı. Birdən əlini üzünə aparıb bərkdən dedi:
– Bu nədi, ay bala? Torbanı hara ilişdirmisən?
Qorxmuş halda əlindəki sellofan şəkər torbasına baxdı. Altı deşilmiş, şəkər yarılanmışdı.
Arxaya çöndü. Torbanın deşiyindən süzülüb tökülən şəkər yolda ağ, nazik iz salmışdı.
“Ədəbiyyat” qəzeti
26 dekabr,2015-ci il.