QARABAĞI VERMİŞƏM
“…Qarabağı vermərəm” -deyən T.Bayrama
Gecikmisən Tofiq Bayram,haçandır-
Gör haçandır Qarabağı vermişəm.
Söylədiyin həqiqət yox,gümandır,
Kəlbəcəri,Dəlidağı vermişəm.
Özün getdin,bir başındır,bir əlin,
Bu gərdişin bilməyirdin əvvəlin?
Yad əlində inildəyir qız-gəlin,
Namusunu -ağ duvağı vermişəm.
Vətən deyib çox saçını yolmusan,
Bu şerinlə vətənpərvər olmusan?
Ermənidən bircə qulaq almısan,
Gör neçə yüz türk qulağı vermişəm.
Neçə kənd var nə qaz tapmır,nə odun,
İstisinə kim qızınır bəs odun?
Kilsəsində qaz yandırır o meymun,
Vətən adlı gur ocağı vermişəm.
Türk qızları heç sığmadı canıma,
Nə də yaraşmazdı şöhrət,şanıma…
Hayqanuşu gətirmişəm yanıma,
İsti,qaynar bir qucağı vermişəm…
* * *
Torpağını öpüb qoydum gözlərimin qarasına,
Suyun,havan məlhəm oldu dərdlərimin çarasına.
Doluxsundum boynubükük bənövşəni öpən zaman,
Ətirli el gözəlinin qan sızırdı dodağından.
Qaraxallı lalələrim sitəmimə təkan verdi,
Görüş yeri,yenə o qız…Unutmaqmı belə dərdi?!.
Hanı o qız,əsirmidir,girovmudur yad əllərdə,
Dağlardamı,daşlardamı,əriyibmi ya sellərdə?
Qarabağım,alan zaman qarış-qarış torpağını,
Daşımışam sinəmdəki ağır yükü,qəm dağını.
Bir sonasan Qarabağım,namusuna toxunulmuş,
Yüz qəzəl var,şikəstə var hüsnü-sənə oxunulmuş.
Ölüm aman versin bir an,bu torpağı azad görüm,
Gözəllərin saçlarına öz əlimlə çələng hörüm.
O nazənin lalələri meh əsdirsin əsim-əsim,
Yenə gəlsin görüşümə mənim əsmər Firəngizim!