Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü
AĞLAYIR
Qarabağım, qəm ocağım,
Gözüm ağlayır adına.
Göyə sovrulan torpağım,
Üzüm ağlayır adına.
Düşmən kəsib sağın, solun,
Qalaq qalaq tikan kolun.
Bizi mi gözləyir yolun?
İzim ağlayır adına.
Dağı, daşı qan qoxlayır,
Dərdin qəlbimi oxlayır.
İt, səni əsir saxlayır,
Dözüm ağlayır adına.
Zeynəbəm, ciyərim yanır,
Çoxu məni, dəli sanır.
Ürəyim haqqa inanır,
Sözüm ağlayır adına.
NİYƏ GƏLMƏDİN?
Sənə inandım gülüm,
Oduna yandım gülüm.
Yolda dayandım gülüm,
Söylə, niyə gəlmədin?
Sənə verdim qəlbimi,
Unut kədəri, qəmi.
Ey könlümün həmdəmi,
Söylə, niyə gəlmədin?
Çəməninə gül oldum,
Ürəyinə qul oldum.
Ateşindən kül oldum,
Söylə, niyə gəlmədin?
Ümidimi kəsmisən,
Külək olub əsmisən.
Bəlkə məndən küsmüsən,
Söylə, niyə gəlmədin?
Nədən incidin belə?
Yanıram gilə gilə.
Bircə söz gətir dilə,
Söylə, niyə gəlmədin?
Dərddən alışır sinəm,
Sənin üçün, mən kiməm?
Ay yeganəm, birdənəm,
Söylə, niyə gəlmədin?
Sənsiz olmuşam xəstə,
Dərd qoyma dərdim üstə.
Canımı məndən istə,
Söylə, niyə gəlmədin?
Zeynəbi qəmgin etmə,
Ömrümdən qəfil getmə.
Bu canımı əritmə,
Söylə, niyə gəlmədin?