12647929_456084107917624_702711598_n

DÜNYA MƏNİM DÜNYAM DEYİL

Xalq şairi Məmməd Araza.

Ağlayana göz yaşıdır,
Ağladana közdür dünya.
Kimisinin öz yaşıdı,
Kimisinə sözdür dünya.
Dünya mənim dünyam deyil.

Hara baxsan hərb ocağı,
Hara baxsan qəm-ələmdir.
Canlı məzardır qucağı,
Bağrının başı sitəmdir.
Dünya mənim dünyam deyil.

Pozulub mizan-tərəzi,
Çəkilməmiş gözü qaçır.
Ocağı tərk edən kəsin
Arxasınca közü qaçır.
Dünya mənim dünyam deyil.

Bir loxma çörək dalınca
Başı lovlu qaçanı var.
Hədəf olub ehtiyaca,
Dərd üstə dərd qucanı var.
Dünya mənim dünyam deyil.

Kimisinə dar ağacı,
Kiminin uman yeridir.
Dərd əhlinə yar ağacı,
Sevənin güman yeridir.
Dünya mənim dünyam deyil.

Dünya qədərin qalası,
Qədərliyə qara gündür.
Dünya dərdimə qalası,
Açılmayan bir düyündür.
Dünya mənim dünyam deyil.

…Gülünclərin gülüncünə
Qalib gəlmək təpəri yox.
Bu dünyanın nə vecinə-
Toxun acdan xəbəri yox!
Dünya mənim dünyam deyil.
Dünya mənim dünyam deyil!

QURBAN OLDUĞUN

Sən kimi sevirsən heç bilirsənmi?
Qəlbi qara daşdır qurban olduğun.
İlanı yuvadan çıxarar dillə,
Şeytana qardaşdır qurban olduğun.

Sənə ünvanlanan sözünə bəndsən,
Sözündən daha çox özünə bəndsən,
Oğrun baxışına,gözünə bəndsən,
Sevən qəlbə daşdır qurban olduğun.

Ona fərq eləməz sənsən,ya qeyri,
Sözündə düz olmaz gözündən əyri…
Yüz yol söyləsəm də sənə,nə xeyri?
Desəm:”Qəlbi daşdır qurban olduğun”.

Nə qədər gec deyil-bir düşün,daşın,
Atdığın addımdan,fikrindən daşın!
Barı,tök ətəkdən bu sevda daşın,
Dərd verən bir daşdır qurban olduğun.

Abdulla Haqqa yar-yar da yarına…
Həqiqi yar olan darda yarınar.
Təkcəgöz yaşıdır dərdə yarınan,
Qədərə sirdaşdır qurban olduğun,
Kədərə yoldaşdır qurban olduğun.

Azərbaycan.Quba.
22.03.2016