Dəyərli həmvətənlər,
Son günlər cəbhə bölgəsində baş verən hadisələr, ermənilərin növbəti təxribat xarakterli hücumları, bu hücumlar nəticəsində Vətəni müdafiə edən ordumuzun şəhid verməsi, oğullarımızın yaralanması, dinc əhalinin yaşadığı məntəqələrin erməni quldurları tərəfindən atəşə tutulması, xalqımızın bütün təbəqələrinin üzvləri kim biz kimyaçıları da narahat etməyə bilməz. Bununla belə, bu hadisələrin qürurverici bir cəhəti də var ki, düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə ortaya qoydu. Bir müsbət məqam da ondan ibarətdir ki, düşmənin bu təxribatı, bu namərdliyi Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və Qələbə əzmində olduğunu, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini bir daha təsdiq etdi. Bunu aprel ayının əvvəlindən bəri Azərbaycanın hər bir bölgəsində, hər bir şəhərində, hər bir kəndində minlərlə insanın iştitakı ilə keçirilən, Orduya və Ali Baş Komandana müraciət və çağırışlarla dolu dəstək aksiyaları da sübut edir.
Ordumuzun qüdrəti, fiziki, taktiki və texniki cəhətdən, həmçinin müasir silahlar baxımından üstünlüyü imkan verir ki, heç bir səfərbərlik elan olunmadan düşmən üzərində tam və qəti qələbə çala bilək. Bununla belə, yaşından və tutduğu mövqedən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı kimi, biz kimyaçılar da Ali Baş Komandanımızın bir əmri ilə səfərbər olmağa, torpaqlarımızın işğaldan azad olunması üçün əsgərlərimizlə birlikdə müqəddəs savaşa qoşulmağa hazırıq. Bu, 20 ildən də artıq bir müddətdən sonra xalqımız üçün yaranmış bir şansdır və Ali Baş Komandanın qətiyyəti, Ordumuzun qüdrəti və xalqımızın ruhunun oyaqlığı ilə biz bu şansı dəyərləndirməli, qısa müddət ərzində işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləyərək, üçrəngli bayrağımızı bütöv, bölünməz və vahid bir dövlət kimi dədə-baba torpaqlarımızınn hər bir qarışında dalğalandırmalıyıq. Və bunun belə olacağına da əminik.
Vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda müqəddəs savaşda şəhid olmuş ərən və qəhrəman oğullarımıza Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını diləyir, xalqımıza ruhunu beləcə oyaq saxlamağı arzu edirik.
İllərdən bəri səbirsizliklə gözlədiyimiz
qələbə və zəfər diləyilə,
“Azərikimya” İB-nin kollektivi