***

Getdin,dönəcək dedim,
Sozaldım bağlar kimi.
Özgə bir dağ görmədim,
Çəkdiyin dağlar kimi…

Acın məndən əl üzdü,
Toxun da çıxıb getdi…
Vücuduma sarılan,
Qoxun da çıxıb getdi…

Elə ərimişəm ki,
Qəfil dönsən,donaram!
Qucağında büstümü,
Varlığınla yonaram!

Baxmaz,qara-sazağa,
Tütər ahının dəmi.
Ürəyimdən uzağa.
Çəkər bu yollar səni..

* * *

Hənir də yox od-ocaqda,
Od sönür,ocaq üşüyür.
Bəlkə də məndən uzaqda,
Bir tənha qucaq üşüyür.

Ümid də yox səhərlərdə,
Tin dönür bucaq üşüyür.
Uzaq-uzaq şəhərlərdə
Kimsəsiz qaçaq üşüyür.

Sıyrılanda qılınc qından,
Yara alıram sol yandan.
Eşidirəm ondan-bundan,
Mərd sınır qoçaq üşüyür.

07:00