Mekasikanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Rodrigo Labardini Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində də olub, təhsil müəssisəsinin tarixi, fəaliyyəti və aqrar sahəyə mütəxəssis hazırlığı ilə maraqlanıb.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, diplomata universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov ölkənin kənd təsərrüfatı haqqında qonağa ətraflı məlumat verib. Bildirib ki, Meksikada da aqrar universitetlər var və kifayət qədər texniki resurslara malikdir. Bu gün hər iki universitet arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsi demək olardı. Daha sonra A.Hətəmov ADAU-nun ixtisasları, tələbə kontingenti, müasir laboratoriyalar, yataqxana və digər maddi-texniki baza haqqında məlumat verib.
Səfir Rodrigo Labardini səmimi qarşılanma üçün minnətdarlığını ifadə edib və Meksikada olan universitetlərlə ADAU arasında əməkdaşlığa nail olunmasına çalışacağını, beynəlxalq konfranslara nümayəndələrin gəlməsini təmin edəcəyini, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını, bigər tədqiqatların aparılmasını sürətləndirəcəyini bildirib. Səfir Meksikanın aparıcı universitetlərindən biri olan Çapinqo Muxtar Universitetində ADAU tələbələrinin bakalavr, magistr və doktorantura pillərində təhsil almalarının mümkünlüyündən də söz açıb.
Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri