Esmira

Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə.
Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş nar ağacına və üzüm tənəklərinə şəxsən özüm qulluq eləmişdim. Avqust ayının sonuncu gününə kimi onları budamış, suvarmışdım. Daha payız gəlirdi. Quluğa ehtiyacları yox idi. İndi onları təbiət özü suvaracaqdı.
Növbə kəsilməsi lazım olan quru ağaca çatmışdı. Nə vaxtdan quruduğunu xatırlamırdım. Onu həmişə belə görmüşdüm. Təxminən bir metr yarım boyu olardı. Gövdəsi çox qalın olmasa da mişarlamağa gücüm çatmayacağını anladım. Atama: – Gəl bu ağacı kəs – dedim. Mənə, – Sonra! – deyib başından elədi.
Əlimi uzadıb budaqlarından birini qırmaq istədim. Qırılmadı, əyildi. Hələ də elastik idi. “Deməli bu agac qurumayıb?”– deyə düşündüm. Onu sığalladım. Bütün gövdəsini mamır örtmüşdü. Züm-zümə eləyə-eləyə mamırları dırnaqlarımla qaşıyıb tökdüm. Dibini belləyib yumşaltdım. Gün batana yaxın onu suvardım. Təxminən on gün olardı ki, onun hamarlaşıb gözəlləşmiş gövdəsini sığallayıb başqaları yox, təkcə o eşitsin deyə lap yaxından ona mahnı oxuyurdum. Yavaş-yavaş dirçəlirdi. Budaqlarında xırda, yaşıl tumurcuqlar görmüşdüm.
Artıq həsrətlə gözlədiyim maşın gəlib çıxdı. Atam şəhərə aparacağımız çantalarımızı maşına qoymaq üçün götürdü. Anam evin qapısını bağlayıb mənə yaxınlaşdı: – Bu gavalı ağacı imiş. Çiçəklərindən tanıdım – dedi. Təəccüblə: – Məgər burda gavalı ağacı var? – deyə soruşdum. Əli ilə göstərib: – Arxaya dön bax, sənin ağacın! – dedi. Dönüb baxdım. “Mənim ağacımın” budaqlarında təxminən beş-altı ədəd alma ağacının çiçəkləri boyda, tünd çəhrayı rəngdə çiçəklər var idi. Əvvəlcə gözlərimə inana bilmədim. Axı payızda ağac çiçəkləməz! Sonra anladım ki, onun mənə qoşulub “sevirəm yar, səni mən yar” deyə mahnı oxumaq üçün dili yoxdur. Lakin o, mənim sevgimə cavab vermişdi. Çiçəkləri ilə!